Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Zəngənə kəndinə təbii qaz verilib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 599 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 318 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 96 747 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində və Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.