Yuxarı

​Azərbaycanda daha 5 kənd və 1 qəsəbəyə qaz verilib

Ümumilikdə, 1 076 abonent təbii qazla təmin olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz, Kürdəmir, Yevlax və Tərtər rayonlarının daha 6 kənd və qəsəbəsinə təbii qaz verib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ümumilikdə 1 076 abonent təbii qazla təmin olunub.

Xaçmaz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 116 abonenti olan Alıcqışlaq kəndinə ilk dəfə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında 5 484 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kürdəmir rayonunun Stansiya Karrar qəsəbəsinə, eləcə də Yeni Şıxınlı və Məhərrəmli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirlərdə qeyd edilib ki, 370 abonenti olan Stansiya Karrar qəsəbəsinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 115 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 370 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 57 abonenti olan Yeni Şıxınlı kəndinin ilk dəfə qazlaşdırılması zamanı 2 323 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Rayonun 125 abonentlik Məhərrəmli kəndinə də ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 24 214 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun Qaraoğlan kəndinə təbii qazın bərpa edilməsi ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, 280 abonentlik kəndin qazlaşdırılması üçün 15 145 metrlik qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tərtər rayonunun Yuxarı Sarıcalı kəndinə də təbii qazın verilişi bərpa olunması münasibətilə keçirilmiş tədbirdə qeyd edilib ki, 128 abonentlik kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12 824 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 128 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi