​Azərbaycanda daha 4 kəndə təbii qaz verilib

​Azərbaycanda daha 4 kəndə təbii qaz verilib Ümumilikdə, 755 abonent qazla təmin olunub
Energetika
13 Oktyabr , 2015 16:24
​Azərbaycanda daha 4 kəndə təbii qaz verilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad, Biləsuvar, Neftçala və Yevlax rayonlarının daha 4 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 755 abonent qazla təmin olunub.

Qaz verilişi münasibətilə Sabirabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 163 abonenti olan Sabirabad rayonunun Çığırğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 383 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Biləsuvar rayonunun 67 abonentlik Arazbarı kəndinin qazlaşdırılması zamanı ümumilikdə 26 766 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin olunublar.

Neftçala rayonunun 250 abonentə malik Qaçaqkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilməsi məqsədilə 20 475 metr uzunluğunda qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun Əkşəm kəndində keçirilmiş tədbirdə qeyd olunub ki, 275 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18 171 metrlik boru xətləri çəkilib, 275 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi