Azərbaycan Yunanıstan, İraq və qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcək

Azərbaycan Yunanıstan, İraq və qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcək Gürcüstanın elektrik enerjisi idxalının 50%-nin, Türkiyənin isə 20%-nin təmin edilməsi nəzərdə tutulur
Energetika
29 Dekabr , 2016 12:28
Azərbaycan Yunanıstan, İraq və qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda müvafiq dövlət qurumu elektrik enerjisi istehsalının maya dəyərini, yerli bazarda təbii qaza olan tələbi, ixrac bazarlarında elektrik enerjisinin, təbii qazın qiymətlərini və ixrac xərclərini nəzərə alaraq, elektrik enerjisi və təbii qazın ixracı arasında müqayisəli təhlil həyata keçirəcək.

“Report” xəbər verir ki, bu, dövlət başçısının imzaladığı fərmanla təsdiqlənən Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Sənədə əsasən, elektrik enerjisinin ixracı iqtisadi cəhətdən səmərəli olduğuna görə, bu istiqamətdə digər işlərin görülməsinə başlanacaq. Strateji Yol Xəritəsində qeyd olunub ki, “Azərenerji” ASC regionun elektrik enerjisinə olan ehtiyacları barədə qonşu ölkələrlə (İran, Rusiya, Türkiyə və Gürcüstan) ilkin müzakirələr aparacaq və təbii qazın birbaşa ixracının effektivliyini qiymətləndirməklə, elektrik enerjisi ixracının artırılması imkanlarını araşdıracaq.

“Eyni zamanda, “Azərenerji” mövcud elektrik verilişi xətlərindən istifadə etməklə, Gürcüstan, Yunanıstan, İran, İraq, Rusiya və Türkiyə ilə elektrik enerjisi ticarəti imkanlarını qiymətləndirəcək”, - deyə sənəddə qeyd olunub.

Yol Xəritəsində bildirilib ki, “Azərenerji” ASC Azərbaycanın elektrik enerjisi ixracı potensialını reallaşdırmaq üçün müxtəlif layihələri texniki-iqtisadi əsaslandırmalar aparmaqla həyata keçirəcək. Sənədə əsasən, şirkət, ilk öncə, ixraca imkan verəcək mövcud istehsal gücünü öyrənmək məqsədilə elektrik enerjisinin istehsalına və istifadəsinə dair gələcək investisiya proqnozlarından istifadə edəcək: “İkincisi, elektrik enerjisinin istehsal xərclərini, nəqliyyat və gömrük rüsumlarını, istehsal həcmi üçün tələb olunan investisiya mənbəyini və region ölkələrinin elektrik enerjisinə olan tələbatını nəzərə alaraq, müxtəlif ölkələrə (həm birbaşa qonşu ölkələr, həm də Yunanıstan və ya İraq kimi mövcud bazarlardan kənar ölkələr) elektrik enerjisi ixracı üzrə mənfəət-zərər təhlili aparacaq. Üçüncüsü, daha yüksək ixrac həcmini dəstəkləyən müxtəlif ölkələrdə olan şəbəkələrin qarşılıqlı uyğunluğuna və elektrik enerjisinin veriliş xətlərinin ötürmə gücünə xüsusi diqqət yetirməklə, infrastrukturun uyğunluğunu müəyyən etmək üçün araşdırmalar aparacaq. Nəhayət, ötürmə gücü üçün tələb olunan hər hansı əlavə investisiya qoyuluşunun da mənfəət-zərər təhlilinə daxil olunmasını təmin edəcək”.

Sənəddə həmçinin qeyd olunub ki, “Azərenerji” yeni potensial satış imkanlarının aşkarlanmasına, potensial sifarişçilərlə qiymətin razılaşdırılmasına, müəyyənləşdiriləcək stimulların elektrik enerjisinin ixrac hədəfləri ilə uzlaşdırılması üçün əsas icra göstəriciləri sisteminin yaradılmasına və bu göstəricilərin ixrac üzrə mənfəət-zərər təhlilində düzgün əks olunmasının təmin edilməsinə cavabdeh olan işçi qrup təşkil edəcək.

Sənədə əsasən, bu prioritetin həyata keçirilməsinin nəticəsi olaraq, istehsal gücünün artırılması ilə 2020-ci ildə real ÜDM-in 70 mln. manat birbaşa və 45 mln. manat dolayı olmaqla, ümumilikdə 115 mln. manat məbləğində artması proqnozlaşdırılır.

Gürcüstanın elektrik enerjisi idxalının 50%-nin, Türkiyənin isə 20%-nin təmin edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi