Azərbaycan yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər

Azərbaycan yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər İbrahim Quliyev: "Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqi aparılır"
Energetika
21 Sentyabr , 2016 16:45
Azərbaycan yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Azərbaycan 2030-cu ildə tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev “Neft və qaz elmi 2030: gələcəyə baxış” mövzusunda məruzəsində bildirib.

Alim məruzəsində institutun inkişafı üçün vacib strateji istiqamətlərdən bəhs edib. İ.Quliyev bildirib ki, hazırda neft və qaz axtarışları 7-14 km dərinlik mərhələsinin başlanğıcındadır: “Bu da öz növbəsində müasir geofiziki üsulların dərində olan yataqların öyrənilməsinə adaptasiyasını tələb edir”.

Akademik intellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının da qarşıda duran vacib məsələlərdən olduğunu deyib. O qeyd edib ki, bu sahədə problemlərin həlli superkompyuter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.

Məruzəçi həmçinin neft-qaz elminin inkişafında qazhidratların, karbohidrogenlərin alternativ mənbələrinin – ağır neftin, şist neft və qazın, böyük təzyiq altında sularda həll olmuş qazların öyrənilməsini perspektiv istiqamətlərdən biri kimi qeyd edib. 

İ.Quliyev vurğulayıb ki, 2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər: “Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq”.

Akademik əlavə edib ki, gələcəkdə Neft və Qaz İnstitutunun əsas istiqamətlərindən biri neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq. Artıq AMEA-da sahələrin proqnozlaşdırılması aparılır, o cümlədən neft və qaz qiymətlərinin bazar tələbatı əsasında dəyişiklik dinamikasının riyazi modelləri hazırlanaraq sınaqdan keçirilir.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qəbul edilmiş qərarla böyük dərinliklərdə neft yataqlarının geofiziki və geokimyəvi axtarışı, intellektual yataqların fundamental tədqiqatı, qazhidrat yataqlarının elmi araşdırılması, palçıq vulkanlarında neft və qaz ehtiyatlarının bərpası, şist neft və qazının geoloji və kimyəvi tədqiqi, neft sənayesinin iqtisadiyyatı və geoekoloji problemlər AMEA Neft və Qaz İnstitutunun prioritet tədqiqat istiqamətləri olaraq təsdiq edilib. Qərarda həmçinin perspektiv plana uyğun olaraq institutun yeni avadanlıq və proqram bazası ilə təchiz edilməsi və digər məsələlər də yer alıb.

Son xəbərlər

Orphus sistemi