Yuxarı
    Bağlamaq

    Azərbaycan yanvarda da OPEC qarşısındakı öhdəliyini yerinə yetirib

    © REUTERS/ Heinz-Peter Bader

    Bakı. 6 fevral. REPORT.AZ/ Energetika Nazirliyi Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq, Azərbaycanın cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

    Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 814,6 min barel olub. Bunun 759,7 min barelini xam neft, 54,9 min barelini kondensat təşkil edib. Gündəlik 624,2 min barel xam neft, 54,9 min barel kondensat, 14,3 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq, Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.

    Qeyd edək ki, Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.

    Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin ilin dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi