Azərbaycan Vyanada keçiriləcək OPEC+ sammitində iştirak edəcək

Azərbaycan Vyanada keçiriləcək OPEC+ sammitində iştirak edəcək Azərbaycanı bu toplantıda energetika naziri Pərviz Şahbazov təmsil edəcək
Energetika
28 Noyabr , 2017 15:19
Azərbaycan Vyanada keçiriləcək OPEC+ sammitində iştirak edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov noyabrın 29-30-da Vyanaya (Avstriya) səfər edəcək.

Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, P.Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada keçiriləcək III iclasında Azərbaycanı təmsil edəcək. Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirir. Beləki, OPEC-in Nazirlər Şurasının 30 noyabr 2017-ci il tarixində Vyanada keçiriləcək 173-cü iclası ərəfəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih ilə Azərbaycanın energetika naziri P.Şahbazov arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə ardıcıl dəstəyini bir daha nümayiş etdirib.

OPEC+ ölkələri nazirlərinin III iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları və neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Belə ki, ölkə üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barel təşkil edib. Dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün OPEC çərçivəsində irəli sürülmüş təşəbbüslərə ilk qoşulan ölkələrdən biri kimi Azərbaycanın bu mövqeyi, neftin dünya bazarında öz ədalətli qiymətini tapması istiqamətində aparılan proseslərə dəyərli töhfələri təşkilat tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan, ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.

Əlavə edək ki, 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC+ ölkələri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci il martın 31-dək uzadılması barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi