Bakı. 2 aprel. REPORT.AZ/ Hazırda BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.
“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, o, bu il mayın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Bu yeni vəzifədə E.İsmayılov BP-nin Avstraliyadakı bütün Upstream (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.
E.İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o, BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.
E.İsmayılov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) bildirib ki, E.İsmayılov BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.