Azərbaycan və ADB arasında “Şahdəniz” layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

Azərbaycan və ADB arasında “Şahdəniz” layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb Kredit müqaviləsini “Cənub Qaz Dəhlizi”nin baş direktoru Əfqan İsayev, zəmanət müqaviləsini isə maliyyə naziri Samir Şərifov imzalayıblar
Energetika
22 Dekabr , 2017 16:10
Azərbaycan və ADB arasında “Şahdəniz” layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankının (ADB) zəmanəti ilə 524,5 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

“Report” xəbər verir ki, kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıblar.

CQD-nin baş direktoru Ə.İsayev Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycanın uzunmüddətli, uğurlu və dayanaqlı inkişafını təmin edəcəyini bildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. O bildirib ki, artıq Cənub Qaz Dəhlizi layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnkişaf Bankı (ADB, birbaşa kredit vasitəsilə) qismində aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstək göstərilib. 

“Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud “Şahdəniz-1” və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan, təqribən, 11,5 mlrd. dollar məbləğində vəsaitdən indiyədək 8,4 mlrd. dollar hissəsi, yəni, təqribən, 73%-i icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 2,3 mlrd. dollar məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 98,5%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 99,2%-i yerinə yetirilib, TANAP-ın inşası üzrə işlərin 87,4%-i, Trans-Adriatik boru kəmərinin (TAP) inşası üzrə isə işlərin 60,8%-i icra edilib. İnşaat işləri uğurla davam etdirilir”, - deyə şirkət rəhbəri əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Boru Kəməri, yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Xatırladaq ki, cari ilin may ayında ADB tərəfindən dövlət zəmanəti əsasında 15 il müddətinə 500 mln. dollar məbləğində birbaşa kredit ayrılıb.