Yuxarı

Azərbaycan Türkiyə və Gürcüstana 38 mlrd. kubmetr qaz satıb

SOCAR-ın I vitse-prezidenti X.Yusifzadə: Şahdəniz yatağı Azərbaycanı qaz ölkəsi kimi tanıdıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Azəri-Çıraq-Günəşli" yataqlarında bu günə qədər 365 mln. ton neft, 107 mlrd. kubmetr qaz hasil olunub. Bu gün burada 88 quyu işləyir və hər gün 90 min ton neft, 35 mln. kubmetr qaz hasil edir. Hasil edilən 365 mln. tondan 198 mln. tonu Azərbaycanın mənfəətidir". "Report" xəbər verir ki, bunu AMEA-nın illik ümumi yığıncağında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Azərbaycanın neft strategiyası və elm" adlı məruzəsini təqdim edərkən deyib.

X.Yusifzadənin sözlərinə görə, mənfəət nefti ildən-ilə artır və daşınan neft əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə reallaşdırılır: "Məsələn, təkcə ötən il "Azəri-Çıraq-Günəşli"də hasil edilən 34 mln. ton neftin 22,5 mln. tonu mənfəət nefti olub. Bu isə 70%-ə yaxın deməkdir. Əgər bu gün biz xarici bazarlara 373 mln. ton neft çıxarmışıqsa, onun 171 mln. tonu təkcə BTC vasitəsilə daşınıb. BTC-nin digər özəlliyi odur ki, o, Qara dənizdən kənar keçir. Çünki Qara dənizdə ancaq kiçik tutumlu tankerlər üzür, amma Aralıq dənizinə gələn tankerlər 300-500 min ton neft götürə bilir".

SOCAR rəsmisi hesab edir ki, "Şahdəniz" yatağı Azərbaycanı qaz ölkəsi kimi tanıdıb: "Hazırda bu yatadqda 1,2 trln. kubmetr qaz, 240 mln. ton kondensat ehtiyatı var. Dünyada dənizdə bu qədər ehtiyata malik olan ikinci qaz yatağı yoxdur. Bu yataqda indi 6 quyu işləyir və həmin quyulardan gündə 29 mln. kubmetrə qədər qaz alınır. Bu günə qədər bu yataqdan 61 mlrd. kubmetr qaz, 16 mln. ton kondensat alınıb. Həmin qaz təkcə Azərbaycana deyil, Türkiyə və Gürcüstana da satılır. Bu günə qədər Türkiyəyə 33 mlrd. kubmetr, Gürcüstana isə 4,5 mlrd. kubmetr qaz satmışıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi