Yuxarı
    Bağlamaq

    Azərbaycan TAP layihəsinin sonrakı icrası üçün ABŞ-dan siyasi dəstək istəyib

    Natiq Əliyev: Dekabrın 10-da keçiriləcək görüş qeyri-OPEC ölkələrində vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətli olacaq

    Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun enerji diplomatiyası ofisinin direktoru Uilyam Silkvort regional səfəri çərçivəsində Energetika Nazirliyində olub.

    Nazirlikdən “Report”a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da iştirak etdiyi görüşdə dünya enerji bazarındakı son vəziyyət, eləcə də regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Amerika nümayəndə heyəti OPEC-in növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb. 

    N.Əliyev Azərbaycanın dünya neft bazarında qiymətin sabitləşdirilməsi prosesinə qoşularaq, neft bazarının tənzimlənməsi və neftin qiymətinin qalxması üçün neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyini xatırladıb. Nazir bildirib ki, rəsmi Bakı digər neft ölkələrini də oxşar addımlar atmağa çağırmaqla yanaşı, OPEC tərəfindən aparılan məslətləşmələrə dəstəyini ifadə edib. N.Əliyev Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək iştiraka qərar verdiyini deyib. 

    O, OPEC tədbirlərinin nəticələrinə dair fikirlərini bölüşüb: “Bu görüş qeyri-OPEC ölkələrində vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətli olacaq. Hesab edirəm ki, davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır. Bütün tərəflərin maraqları uzlaşacağı təqdirdə neftin qiymətinin tənzimlənməsi istiqamətində prosesi irəli aparmaq və razılaşmanın uzunmüddətliyini təmin etməklə hər kəs üçün sərfəli qiymətin müəyyənləşməsinə nail olmaq mümkündür”. 

    Bundan başqa, görüşdə DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi və İtaliyada referendumun Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin icrasına mümkün təsirləri ilə bağlı müzakirələr aparılıb. Cənub Qaz Dəhlizinin seqmentləri – “Şahdəniz-2“, Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP layihələri üzrə işlərin icra vəziyyətinin qənaətbəxş olduğunu qeyd edən N.Əliyev TAP-la əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün Məşvərət Şurasının III iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunaraq, siyasi dəstək nümayiş etdirməsinin vacibliyini vurğulayıb. 

    Görüşdə həmçinin Transxəzər qaz kəməri layihəsi ilə bağlı danışıqlar prosesinin gedişi və enerji təhlükəsizliyi məsələsində Azərbaycan-ABŞ əməkdaşlığının perspektivləri də müzakirə mövzusu olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi