Azərbaycan Rusiya və Gürcüstanla elektrik həlqəsi yaratmaq niyyətindədir

Azərbaycan Rusiya və Gürcüstanla elektrik həlqəsi yaratmaq niyyətindədir Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. 
Energetika
19 Fevral , 2018 17:44
Azərbaycan Rusiya və Gürcüstanla elektrik həlqəsi yaratmaq niyyətindədir

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. 

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.

P.Şahbazov hər iki ölkənin paralel iş rejimində fəaliyyət göstərən enerji sistemlərinin enerji dəhlizinin formalaşdırılması üçün imkanlara malik olduğunu deyib. Onun sözlərinə görə, enerji mübadiləsinin həcminin və keyfiyyətinin artırılması istiqamətində son illər görülən işlər elektrik enerjisi sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olmasına şərait yaradır. Görüşdə iki ölkə arasında enerji mübadiləsinin artırılması və “Şimal-Cənub enerji dəhlizi”nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında “Yaşma-Dərbənd” dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa “Samur” çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.

Hər iki tərəf həmçinin Rusiya - Azərbaycan - Gürcüstan - Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruruliyini vurğulayıblar.

Görüşdə neft-qaz sahəsində “Lukoyl”, “Qazprom” və “Rosneft” kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib. Bildirilib ki, dünya neft bazarında hazırda müşahidə edilən tələb-təklif tarazlığı və qiymət sabitliyinin yaranmasında OPEC+ Anlaşması effektli olub. Sabitləşməni qorumaq üçün neft hasilatının azaldılması prosesi davam etdirilməlidir. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın azaldılmasına dair OPEC+ anlaşmasına qoşulmuş ölkələrlə davamlı əməkdaşlıq mexanizmi üzərində çalışması da neft bazarında qiymət sabitliyinin möhkəmlənməsinə xidmət edir.

Səfər çərçivəsində Azərbaycan energetika naziri Rusiyanın vahid enerji sistemində mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməsini həyata keçirən “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin işi ilə tanış olub. Səhmdar Cəmiyyətin sədri Boris Ayuyevlə görüşdə Rusiya Federasiyasının elektroenergetika sisteminin hazırki vəziyyəti, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasında yeni innovasiyaların tətbiqi, modernləşmə tədbirləri ilə bağlı müzakirələr aparılıb. Rusiya-Gürcüstan- Azərbaycan-Rusiya elektrik enerjisi şəbəkələrinin əlaqəli şəkildə idarə olunması, MDB Elektroenergetika Şurası çərçivəsində həyata keçirilməsi , Şuranın növbəti toplantısında iştirak və iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. P.Şahbazov alternativ və bərpa olunan enerji mənbələrinin sistemə qoşulmasına dair Sistem Operatorunun təcrübəsi ilə də maraqlanıb. İki ölkə arasında müvafiq sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflər irəli sürüb.

Energetika nazirinin daha bir ikitərəfli görüşü "Bazar şurası qeyri-kommersiya tərəfdaşlığı" Assosiasiyasının sədri Maksim Bıstrovla olub. Görüşdə elektrik enerjisinin topdansatış bazarının subyektləri sayılan alıcı və satıcıların üzvlük əsasında birliyi kimi təsis olunan Assosiasiyanın fəaliyyəti, Rusiyanın elektroenergetika sistemində bazar münasibətlərinin tənzimlənməsində rolu və islahatların həyata keçirilməsində təcrübəsindən bəhs edilib. Pərviz Şahbazov Azərbaycanın elektroenergetika sektorunda davamlı islahatların aparıldığını və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər iki ölkənin enerji sistemləri arasındakı uyğunluqları nəzərə alaraq Rusiyanın elektrik enerjisi bazarında yeni çağırışlara müvafiq tətbiq edilən mexanizm Azərbaycan üçün maraqlı nümunələrdəndir.

Qeyd edək ki, energetika naziri P.Şahbazovu Rusiyaya səfərində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Səfirliyin müşaviri Şövqi Mehdizadə, Energetika Nazirliyi Aparatının rəhbəri Zaur Məmmədov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Esmira Cəfərova müşayiət edib.

Son xəbərlər

Orphus sistemi