Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb

Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb
Energetika
107
3 Fevral , 2020 20:45
Azərbaycan qazının Ukraynaya tədarükünə dair müzakirə aparılıb

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlarının təfərrüatını açıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, - Ukrayna prezidenti məlumat verib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır və Yunanıstan sərhədində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. 2018-ci il iyunun 12-də TANAP-ın Türkiyə üçün qaz nəqlini nəzərdə tutan hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.