Yuxarı

​Azərbaycan Qazaxıstana benzin satmağa hazırdır

SOCAR prezidenti Rövnəq Abdullayev: Dövlət Neft Şirkəti bu ölkənin təkliflərinə baxacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Qazaxıstan mətbuatının Azərbaycanda yanacağın ixracına qoyulan məhdudiyyət barədə yaydığı xəbərləri təkzib edib. "Report"un məlumatına görə, bunu SOCAR prezidenti bu gün Bakıda işə başlayan II ARDNŞ-in Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Eyni zamanda şirkət başçısı vurğulayıb ki, Qazaxıstan tərəfi benzinin alınması üçün bazar şəraitinə uyğun sərfəli qiymət təklifi ilə Azərbaycana müraciət edərsə, Azərbaycan Dövlət Neft Şirkəri bu təkliflərə baxmağa hazırdır.

Hazırda Azərbaycanın faktiki olaraq benzin ixrac etmədiyini qeyd edən R.Abdullayev Qazaxıstanın müraciəti əsasında bunun təşkilini mümkün sayır: "Taparıq, düzəldib satarıq".

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin qeyd edib ki, "KazMunayQaz" Milli Şirkəti ölkədə yanacaq-sürtgü materialları (YSM) çatışmazlığını aradan qaldırmaq üçün Azərbaycan və Türkmənistandan benzin idxalı imkanlarını nəzərdən keçirir. "Bazarı YSM ilə təmin etmək üçün öz zərərinə olsa belə Qazaxıstan bazarı üçün YSM idxalının təşkili qərara alınıb. Bir çox şirkətlərlə danışıqlar aparılıb və hazırda 69 min ton benzinin idxal olunması haqqında razılıq əldə olunub", - deyə nazir müavini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi