Azərbaycan OPEC+ formatının genişlənməsini dəstəkləyir

Azərbaycan OPEC+ formatının genişlənməsini dəstəkləyir Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin iştirakçılarının sayını artırmağa çağırıb
Energetika
278
2 İyul , 2020 16:24
Azərbaycan OPEC+ formatının genişlənməsini dəstəkləyir
Pərviz Şahbazov / Report/ Firi Salim

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin iştirakçılarının sayını artırmağa çağırıb.

“Report” xəbər verir ki, nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransında çıxışı zamanı çağırış edib.

“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri, digər istehsalçıları cəlb etməklə OPEC+ formatının daha da genişləndirilməsini vacib sayıram”, - P.Şahbazov deyib.

O əlavə edib ki, Azərbaycan OPEC+ sazişinə əsasən, öhdəliklərini bundan sonra da yerinə yetirmək niyyətindədir: "Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və bundan sonra da neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynayacaq”.

P.Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması azı iki il çəkə bilər.

“Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alaraq, tələbatın yaxın gələcəkdə tam bərpa olunacağını əminliklə gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün azı 2 il vaxt lazımdır”, - deyə o vurğulayıb.