Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində 2 480,296 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur.
"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, hesabat ayında Ceyhan limanından dünya bazarına çıxarılan neftin 1 698,768 min tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il fevralın 1-dək Ceyhandan 264,419 mln. tondan artıq Azərbaycan nefti dünya bazarına yola salınıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,35% çoxdur.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayı ərzində 2 208,677 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. Bunun 1 592,04 min tonunu ARDNF-in nefti təşkil edib.