Bakı. 1 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 248 090,246 ton neft məhsulu ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 dəfə çoxdur.
SOCAR-dan "Report"a bildirilib ki, ixrac edilən məhsulun 102 531,272 tonu, yaxud 41,33%-i dizel yanacağı, 23 834,353 tonu və ya 9,61%-i təyyarə yanacağı, 105 928,969 tonu, yaxud 42,68%-i vakuum qazoylu və 15 795,652 tonu və ya 6,37%-i aşqarın (depressor AKİ) payına düşür.
Ötən ilin aprel ayı ilə müqayisədə SOCAR tərəfindən ixrac edilən təyyarə yanacağı 44,5 dəfə, vaakum qazoylu 6,4 dəfə, dizel yanacağının ixracı isə 13,4 dəfə artıb.
Məlumata görə, aprel ayında avtomobil benzini, DT yanacağı, soba mazutu, sürtgü yağları, neft bitumu və ağır piroliz ixrac edilməyib.
Qeyd edək ki, SOCAR bu ilin ilk dörd ayında 874 881,396 ton, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox neft məhsulu ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-aprel ayları ərzində SOCAR 54,79% çox, yəni 387 141,042 ton dizel yanacağı, 1,5 dəfə çox, yəni 87 646,248 ton təyyarə yanacağı, 6,2 dəfə çox, yəni 350 121,663 ton vakuum qazoylu, 1,6 dəfə çox, yəni 49 793,607 ton aşqar (depressor AKİ) ixrac edib.