Yuxarı

Səfir: "Azərbaycan Kaşaqandan nefti Avropa bazarına nəql etməyə hazırdır"

Azərbaycan dizel yanacağı və sürtgü yağlarının Qazaxıstana ixracı üçün böyük imkanlara malikdir

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Qazaxıstana dizel yanacağını ixrac etməyə və  Kaşaqandan nefti Avropa bazarına nəql etməyə hazırdır. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov "KazTAQ" agentliyinə müsahibəsində bildirib. 

"Azərbaycan dost ölkələri üçün öz tranzit potensialını təqdim etməyə hazırdır. Qazaxıstan həmçinin maneəsiz həmin marşrutdan istifadə edir. Bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Avropaya nəqli bərpa olunub. Biz inanırıq ki, Kaşaqan neft yatağının işə salınmasından sonra Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi artacaq", - Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Arif oğlu Həşimov qeyd edib. 

"İpək Yolunda Azərbaycan Asiya və Avropa arasında qapı olub. Bu istiqamətlərdə Azərbaycandan keçən müxtəlif marşrutların olmasına baxmayaraq, Bakı-Tbilisi-Ceyhan ən qısa marşrut hesab edilir. Məhz iqtisadi cəhətdən mənfəətli olması səbəbindən bu marşruta üstünlük verilir", - səfir əlavə edib.
"Azərbaycan bu nefti nəql etməyə hazırdır. Boru kəməri həm Qazaxıstan, həm də Azərbaycan üçün lazım olduğu miqdarda nefti nəql etmək üçün nəzərdə tutulub", - o, qeyd edib. 
Z.Həşimovun sözlərinə görə, Azərbaycan dizel yanacağı və sürtgü yağlarının Qazaxstana ixracı üçün böyük imkanlara malikdir. 

Xatırladaq ki, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 371 mln. dollar təşkil edib, yaxın gələcəkdə həmin məbləğin 500 mln. dollar olacağı gözlənilir. Səfir əlavə edib ki, əmtəə dövriyyəsinin ən azı 1 mlrd. dollara çatdırılması üçün zəruri işlərin görülməsinə dair razılaşma mövcuddur.
2002-ci ildən 2013-cü ilə qədər dövrdə Qazaxıstan Azərbaycanın əsas kapitalına 5,2 mln. dollar həcmində sərmayə qoyub. Yalnız son 2 il ərzində Qazaxıstan iqtisadiyyatına Azərbaycan 132 mln. dollar bilavasitə sərmayə yatırıb. Azərbaycanda Qazaxıstanın iştirak etdiyi 52 şirkət fəaliyyət göstərir, Qazaxıstanda isə Azərbaycan sərmayəsi ilə 732 müəssisə qeydiyyatdan keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi