Yuxarı
    Bağlamaq

    Azərbaycan iyulda da OPEC qarşısındakı öhdəliyini yerinə yetirib

    Ötən ay ölkədə gündəlik 797 min barel neft hasil edilib

    Bakı. 3 avqust. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan bu ilin iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, iyulda respublika üzrə gündəlik neft hasilatı 796,7 min barel olub. 

    Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

    Məlumata görə, bunun 745,1 min barelini xam neft, 51,6 min barelini kondensat təşkil edib. Gündəlik 611,3 min barel xam neft, 51,6 min barel kondensat, 15,7 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. 

    Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda isə 793,7 min barel olub.

    Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada (Avstriya) OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünə qədər uzadılması barədə razılıq əldə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi