Azərbaycan indiyədək TANAP-a 3,56 mlrd. dollar yatırıb

Azərbaycan indiyədək TANAP-a 3,56 mlrd. dollar yatırıb Tərəfdaşlarla birgə sərf olunan vəsaitin məbləği 5,3 mlrd. dollardır
Energetika
3 Aprel , 2018 15:07
Azərbaycan indiyədək TANAP-a 3,56 mlrd. dollar yatırıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün indiyədək “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 3,56 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq QSC-dən bildirilib.

Məlumata görə, bu il fevralın sonuna, ümumilikdə, tərəfdaşlarla birgə TANAP-a sərf olunan vəsaitin məbləği isə 5,3 mlrd. dollar təşkil edib. TANAP-ın ümumi dəyəri 8 mlrd. dollardır.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Bu kəmərlə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil olunan qazın nəqli nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

Layihədə Azərbaycan 58%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Son xəbərlər

Orphus sistemi