Yuxarı

Azərbaycan gələn ilin əvvəlində neft emalı zavodunda modernləşmə işlərinə başlayacaq

Zavodda Euro-5 benzininin istehsalına 2020-ci ildə başlanacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işlərinə gələn ilin əvvəlində başlanılacaq. "Report" xəbər verir ki, bu barədə Bakıda təşkil olunan MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda Neft-qaz emalı və neft-kimya Kompleksinin (OGPC) müdir müavini Emil Alxaslı bildirib. 

Onun sözlərinə görə, plana əsasən, 2019-cu ilin II rübündə zavodda "Euro-5" standartına uyğun dizel yanacağı, növbəti ilin II rübündə isə benzin istehsalına başlanılacaq.

"Zavodda quraşdırılacaq yeni bitum qurğusundan isə istehsala 2018-ci ildə başlanılacaq. Modernləşmədən sonra zavodda istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək. Zavodda istehsal olunacaq neft məhsullarının 37%-i dizel yanacağı, 25%-i avtomobil benzini, 13%-i ağ neft, 25%-i isə digər neft məhsullarının payına düşəcək", - deyə E.Alxaslı qeyd edib.

Müdir müavini əlavə edib ki, bu layihənin həyata keçirilməsi ilk növbıdə 15-20 il ərzində avtomobil benzininə olan daxili tələbatın ödənilməsini təmin edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi