Azərbaycan gələn il bərpa olunan enerji ilə bağlı ilk dəfə hərrac keçirəcək

Azərbaycan gələn il bərpa olunan enerji ilə bağlı ilk dəfə hərrac keçirəcək "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uyğun prioritetləri və energetika sektorunda is
Energetika
20 Oktyabr , 2021 12:03
Azərbaycan gələn il bərpa olunan enerji ilə bağlı ilk dəfə hərrac keçirəcək

"Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçilməsi Azərbaycanın müasir enerji siyasətinin qlobal trendlərə uyğun prioritetləri və energetika sektorunda islahatların başlıca məqsədləridir".

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, hədəfimiz ölkənin ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payını hazırkı 17,3%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır: “Bu məqsədlə növbəti onillikdə quraşdırılması planlaşdırılan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatını “ACWA Power” və “Masdar” kimi tərəfdaşlarımızla artıq reallaşdırırıq. Hər iki layihə üzrə müəyyənləşdirilmiş ərazilərdə ölçü-müşahidə, topoqrafiya işləri, mühəndis-geoloji, həmçinin ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar başa çatdırılıb”.

Nazir bildirib ki, bununla yanaşı, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və aidiyyəti qurumlarla birlikdə elektrik stansiyalarının investorlar tərəfindən inşasına başlanması üçün əlaqəli məsələlər üzrə işlər davam etdirilir: “Ümumi investisiya dəyəri 500 milyon dollar olan bu layihələrin reallaşması nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması və yeni iş yerlərinin yaradılması gözlənilir”.

P.Şahbazov qeyd edib ki, bərpa olunan enerji sahəsinin nəzərəçarpacaq inkişafı üçün investisiyaların cəlbi davamlı bir proses olmalıdır: “Bu məqsədlə pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə birbaşa cəlbetmə və hərraclar vasitəsilə reallaşdırılması nəzərdə tutulur: “2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpa olunan enerji mənbələri potensialının atlası işləniləcək və müvafiq hüquqi aktların qəbulundan sonra atlasa daxil edilmiş ərazilər investorlara təklif ediləcək. Hərracların keçirilməsi üçün müvafiq sənədlər və müqavilə layihələri artıq hazırdır. İlk hərracın Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) seçdiyi məsləhətçi şirkətin dəstəyi ilə gələn il keçirilməsi planlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi