​Azərbaycan G20-in növbəti toplantısında təmsil olunub

​Azərbaycan G20-in növbəti toplantısında təmsil olunub Tədbirdə oktyabrda keçirilməsi planlaşdırılan G20 ölkələri enerji nazirlərinin ilk görüşünün gündəliyi müzakirə olunub
Energetika
13 İyul , 2015 11:58
​Azərbaycan G20-in növbəti toplantısında təmsil olunub

Bakı. 13 iyul.REPORT.AZ/ Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində Bodrumda təşkilatın 3-cü iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu toplantıda Xarici İşlər, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclas çərçivəsində bir sıra mövzularla yanaşı, enerji məsələlərinin də müzakirəsində iştirak edib. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında keçirilməsi planlaşdırılan G20 enerji nazirlərinin ilk görüşünün gündəliyi və qəbul ediləcək müvafiq Kommunikedə əks olunacaq enerji məsələləri də əsas müzakirə mövzularından olub.

Bundan başqa, enerjiyə əlçatanlıq göstəricisi zəif olan Sub-Saxara Afrikasının enerji təminatının həlli yollarını əks etdirən Fəaliyyət Planının müzakirəsinə həsr edilmiş konfransın keçirilməsi də nəzərdə tutulur. Nazirlərin toplantısında enerjiyə əlçatımlılıq əsas diqqət yetirilən məsələlərdən olacaq. Enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir. Bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90%-i, dünya ticarətinin 80%-i və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi