Yuxarı

​Azərbaycanın energetika naziri TAP-ın təməlqoyma mərasimində iştirak edəcək

Tədbir mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan energetika naziri Natiq Əliyev Trans-Adriatik Boru Kəmərinin (TAP) mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək. Bu barədə “Report”a Energetika Naizrliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycanla yanaşı, Avropa İttifaqı və ABŞ rəsmiləri, Yunanıstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub. İki saat davam edəcək tədbirdə nümayəndə heyətlərinin qısa çıxışlarının ardından, TAP-ın təməlinə qoyulacaq boru imzalanacaq. Bununla da Cənub Qaz Dəhlizinin mühüm bir seqmentinin də reallaşmasına start veriləcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 km-dir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 mlrd. kubmetr olacaq və bu həcmin gələcəkdə iki dəfə artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması yetərli hesab edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi