Yuxarı

​Azərbaycan bu il beynəlxalq ofşor layihələrdən 5,5 mlrd. dollar qazanıb

AÇG yataqlar bloku 5,225 mln. dollar, Şahdəniz - 274,3 mln. dollar, Bahar və Qum-dəniz yataqları isə 4,07 mln. dollar qazandırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Hasilatın Pay Bölgüsü (PSA) sazişləri üzrə Xəzərin milli sektorunda istismar olunan neft və qaz yataqlarından mənfəət neft və qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 5 503,777 mln. ABŞ dolları daxil olub.

"Report"un sorğusu əsasında Fonddan verilən məlumata görə, hesabat dövründə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə 5 225,38 mln. dollar, "Şahdəniz" yatağından 274,327 mln. dollar, "Bahar" və "Qum-dəniz" yataqlar blokundan 4,07 mln. dollar daxil olub.

Qeyd edək ki, "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqları üzrə saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. Bu müqavilə ilə "AÇG"-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarına ixrac edilir.

"AÇG"-də hazırda BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7%) şirkətləri iştirak edir.

"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə saziş isə 1996-cı il iyunun 4-də imzalanıb. Bu layihədə BP (operator – 28,8%), AzŞD (10%), SGC Upstream (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİKO (10%), və TPAO (19%) iştirak edir. "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyəyə çatdırılır.

2009-cu il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ilə "Bahar Energy" əməliyyat şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" yatağının və "Qum-dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Müqavilə sonrakı 5 ilə uzadılma imkanı ilə 25 illiyə imzalanıb. Müqaviləyə görə, "Bahar Energy" əməliyyat şirkəti 80%, SOCAR 20% paya malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi