Azərbaycan BMT Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Komitəsinin sessiyasında iştirak edir

Azərbaycan BMT Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Komitəsinin sessiyasında iştirak edir Oktyabrda Bakıda "Dayanıqlı İnkişaf üçün Enerji" VII Beynəlxalq Forumu keçiriləcək
Energetika
30 Sentyabr , 2016 11:58
Azərbaycan BMT Avropa İqtisadi Komissiyasının Dayanıqlı Enerji Komitəsinin sessiyasında iştirak edir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də Cenevrədə (İsveçrə) BMT Avropa İqtisadi Komissiyasının (AİK) Dayanıqlı Enerji Komitəsinin 25-ci sessiyası işə başlayıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, sessiyanın açılışına Dövlət Agentliyi sədrinin energetika məsələləri üzrə müşaviri, BMT AİK-in Davamlı Enerji Komitəsi Bürosunda sədr müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) və Əbu-Dabi İnkişaf Fondunun (ADFD) Mütəxəssislər Panelinin üzvü Nəzir Ramazanov sədrlik edib.

Sessiya bu gün yekunlaşır. Sessiyanın əsas məqsədi Enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və “Paris iqlim sazişi”ndən irəli gələn dayanıqlı və ekoloji təmiz enerjidən istifadəni asanlaşdırmaq, ətraf mühitə buraxılan istixana qazlarının miqdarının azaldılması istiqamətində beynəlxalq siyasi dialoq və hökumətlərarası əməkdaşlığın gücləndirilməsi, dövlətlərin bu sahədə səylərini artırması üzrə fəaliyyətlərin təhlil edilməsi, həmçinin bərpa olunan enerji və enerji səmərəliliyinin istifadəsi üçün DİM-ə nail olunmasına birbaşa və dolayı yolla köməklik göstərməkdir.

Toplantının gündəliyinə, həmçinin bu il oktyabrın 18-21-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan hökuməti və BMT AİK tərəfindən keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” VII Beynəlxalq Forumu, eləcə də gələn il iyunun 11-də Astanada (Qazaxıstan) baş tutacaq “Dayanıqlı İnkişaf üçün Enerji” VIII Beynəlxalq Forumu və enerji nazirlərinin görüşü ilə bağlı hazırlıq və bu tədbirlərdə qəbul ediləcək sənədlərin müzakirəsi salınıb. 

Qeyd olunub ki, 25-ci sessiyanın gündəliyə çıxarılan məsələlər oktyabrda Bakıda keçiriləcək VII Beynəlxalq Forum çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, “Paris iqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət Planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm mövzuların müzakirə olunmasına töhfə verəcək. 

Son xəbərlər

Orphus sistemi