Azərbaycan Beynəlxalq Günəş İttifaqına tamhüquqlu üzv olmaq niyyətindədir.
“Report” Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən xəbər verir ki, bunu qurumun direktor müavini Aygün Zeynalova Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Beynəlxalq Günəş İttifaqının (ISA) Avropa və Digər Regionlar üzrə Regional Komitəsinin 4-cü iclasında bildirib.
İclasda Azərbaycanın yüksək günəş enerjisi potensialının olduğunu diqqətə çatdırılıb, bu istiqamətdə icra edilən layihələrdən danışılıb. Eyni zamanda beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan bəhs edilib, ixrac potensialı barədə məlumat verilib.
Tədbirdə 18 ölkədən nazirlər və yüksək səviyyəli hökumət nümayəndələri iştirak edib.

