Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan parlamentinin oktyabrın 28-də keçiriləcək plenar iclasında Paris Anlaşması ratifikasiya olunacaq və qüvvəyə minəcək. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumunda çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V. Ələsgərovun sözlərinə görə, hazırda Asiya-Sakit okean regionunda olan ölkələrin enerji əldə etməsinə görə, əsas xammalı kömürdür: "Məncə, kimisə kömürü istifadə etdiyinə görə qınamaq olmaz. Çünki ABŞ və Avropa ölkələri də ötən əsrlərdə kömürdən istifadə edib".
Qeyd edək ki, ötən ilin 30 noyabr-12 dekabr tarixlərində Parisdə iqlim dəyişikliklərinin qarşısının alınması ilə bağlı qlobal forum keçirilib. Bu ilin aprelin 22-də isə 171 ölkə Nyu-Yorkda Paris Anlaşmasını imzalayıb. Artıq 81 ölkə həmin anlaşmanı ratifikasiya edib.