Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"

Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir" “Azərbaycan ilə Avropa İttifaqı ölkənin uzunmüddətli enerji strategiyasının hazırlanmasının üzərində birgə çalışır”.
Energetika
22 Fevral , 2020 17:48
Kestutis Yankauskas: Aİ Azərbaycan ilə “Yaşıl  saziş” məsələsində birgə çalışmaq istəyir

“Azərbaycan ilə Avropa İttifaqı ölkənin uzunmüddətli enerji strategiyasının hazırlanmasının üzərində birgə çalışır”.

Bunu “Report”a Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Səfir bildirib ki, strategiya hələ hazırlanma mərhələsindədir: “Növbəti həftə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçiriləcək. Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq uğurludur və planlaşdırılan digər layihələr də mövcuddur. Ümid edirəm ki, bizim əməkdaşlığımız neft-qaz sektorundan digər sahələrdə də genişlənəcək”.

K.Yankauskas qeyd edib ki, Avropa Komissiyası üçün hazırda Avropada “Yaşıl saziş” məsələsi böyük əhəmiyyət kəsb edir və prioritet məsələdir: “Biz iqlim dəyişikliyi ilə bağlı daha yaxşı mübarizə aparmalıyıq və ətraf mühitimizi qorumalıyıq. Ətraf mühitin mühafizəsini tərəfdaşlarımızla birgə həyata keçirmək istəyirik. Azərbaycan Aİ-nin tərəfdaşıdır və biz istəyirik ki, sözügedən sahədə birgə çalışaq. Bu deməkdir ki, iqlim dəyişikliyi ilə bağlı məsələləri həll etməliyik. Enerjinin səmərəliliyinə, bərpa olunan enerji məsələlərinə diqqət yetirməliyik”.

Qeyd edək ki, Avropa İttifaqı 2030-cu ilə qədər tullantıların azaldılması ilə bağlı hədəfini 10 faiz bəndi artıraraq 40%-dən 50%-ə çatdırıb. Aİ-nın “yaşıl iqtisadiyyat”a keçid məqsədi ilə 100 milyard avroluq fond yaratmaq istədiyi bildirilir.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Son xəbərlər

Orphus sistemi