Yuxarı

Azərbayan Dövlət Neft Şirkəti DESFA məsələsinin ilin sonunda həll olunacağını gözləyir

SOCAR-ın Yunanıstandakı LNG biznesinə də ciddi maraq göstərir

Bakı. 31 mart. REPORT.AZ/ Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstan qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA şirkətinin 66%-nin özəlləşdirilməsi və 17%-nin Avropa şirkətlərinə satılması ilə bağlı məsələnin bu ilin sonunda həll olunacağını gözləyir.

"Report"un "Natural Gas Europe" saytına istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-dakı mənbə bildirib.

"SOCAR tərəfindən DESFA-nın nəzarət səhm zərfinin alınması Azərbaycan üçün böyük önəm daşıyır. Hazırda DESFA-dakı payın potensial Avropa alıcılarına satılmaqla azaldılması prosesindəyik və bu prosesin 2016-cı ilin sonunda tamamlanması gözlənilir", - deyə mənbə qeyd edib.

SOCAR neft və qazın qiymətlərinin düşməsi ilə əlaqədar DESFA-nın alınmasından geri çəkilmək barədə söylənilənləri təkzib edir.

Mənbə, həmçinin qeyd edib ki, SOCAR-ın LNG biznesinə ciddi marağı var: "Afina yaxınlığında, Revitusada LNG terminalının modernləşdirilməsi planları bu maraqları qarşılayacaq və Cənub Qaz Dəhlizinin marşrutundan kənarda daha geniş regionda qaz təchizatı baxımından önəmli rol oynayır".

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu zərfin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət edib. Lakin ötən həftə Yunanıstan KİV-i "Fluxys" şirkətinin danışıqlardan imtina etdiyi barədə məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi