Bakı. 17 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracın 92,7%-i karbohidrogenlər və neft məhsullarının payına düşüb. Dövlət Gömrük Komitəsindən "Report"a bildirilib ki, hesabat dövründə ixracın 85,4%-ni xam neft, 1,4%-ni təbii qaz və 6,0%-ni neft məhsulları təşkil edib.
Neft məhsulları istisna olmaqla, bütün mövqelər üzrə ixracın azalması müşahidə olunub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft ixracı 3,2%, qaz ixracı - 57,4% azalıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə neft məhsullarının ixracı isə 15,8% artıb.
Qeyd edək ki, 2013-cü ildə karbohidrogen və neft məhsullarının ölkənin ümumi ixracının strukturunda xüsusi çəkisi 92,4% təşkil edib. Ötən il Azərbaycanın ümumi ixracının 84,5%-i xam neft, 5,0%-i neft məhsulları və 2,9%-i təbii qazın payına düşüb.