Yuxarı

Azərbaycan bu il 800 min tondan artıq avtomobil benzini istehsal edib

Sentyabrın 1-nə anbarlarda hazır məhsul qalığı 67 min ton olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı zavodları ümumilikdə 806,9 min ton avtomobil benzini istehsal edib. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. 

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ölkədə avtomobil benzini istehsalı 13% azalıb. Cari il sentyabrın 1-nə müəssisələrin anbarlarında 66,8 min ton hazır məhsul qalıb. 

Qeyd etmək lazımdır ki, hazırda neft emalı zavodlarında yalnız Ai-92 markalı benzin istehsal olunur. Ai-95 markalı benzinin istehsalı isə dayandırılıb və bu məhsul ölkəyə "Premium" markası adı altında idxal olunur. Ai-92 markalı benzinin qiyməti (0,7 manat/litr) dövlət tərəfindən tənzimlənir. Nazirlər Kabinetinin qərarına əsasən, "Premium" markalı benzinin qiyməti sərbəstdir və hazırda yanacaqdoldurma stansiyalarında 0,97 manat/litr qiymətinə satılır. 

Bundan başqa, yanvar-avqust aylarında neft-kimya sənayesində istifadə üçün 101,5 min ton benzin istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1,407 mln. ton avtomobil benzini və neft-kimya sənayesində istifadə üçün 125 min ton benzin istehsal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi