Yuxarı
    Bağlamaq

    Avropanın 3 bankı Sumqayıtda tikilən Karbamid Zavoduna 249 mln. avro kredit ayıracaq

    Cənubi Koreyanın “Eximbank”ı da layihənin icrasına kredit verəcək

    Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov bildirib.

    Onun sözlərinə görə, bunlar “Deutsche Bank”(Almaniya), “Societe Generale” (Fransa) və “UniCredit” (İtaliya-Almaniya) banklarıdır: “Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədlə büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasına dair qərar qəbul olunub”.

    X.Cəfərov qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: “Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq”.

    Karbamid Zavodunun inşası layihəsi 700-750 mln.avro məbləğində qiymətləndirilir. Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair  Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində tikilir.  2011-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 

    2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək.

    Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq "Haldor Topsoe" (Danimarka) və "Stamicarbon B.V" (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın "Neste Jacobs Oy" şirkəti tərəfindən yerinə yetirilir.

    Tikintisinə 2014-cü ildə başlanılmış zavodun inşasının 2017-ci ilin sonunda yekunlaşması və 2018-ci ilin əvvəlində zavodun istismara verilməsi planlaşdırılır.Zavodun ümumi ərazisi 39.27 ha təşkil edir. 

     Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid və 1200 ammonyak istehsal edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi