Avropadakı qaz böhranı Azərbaycana nə vəd edir?

Avropadakı qaz böhranı Azərbaycana nə vəd edir? “Avropadakı təbii qaz böhranı Azərbaycanın “köhnə kontinent”in enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu əhəmiyyətli dərəcədə artırdı”
Energetika
215
15 Oktyabr , 2021 14:57
Avropadakı qaz böhranı Azərbaycana nə vəd edir?
Amal Həsənli

“Avropadakı təbii qaz böhranı Azərbaycanın “köhnə kontinent”in enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu əhəmiyyətli dərəcədə artırdı”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, Avropada təbii qazla bağlı yaşanan böhran qaz istehlakında alternativ mənbələrinin əhəmiyyətini bir daha qabartdı: “Bu gün Avropa son illər “Yaşıl enerji” sahəsində yürütdüyü siyasətin “bəhrəsini” görür. Alternativ enerji mənbələrinin yaradılmasına intensiv şəkildə yatırımlar edildiyi halda, qaz sektoruna investisiyalar azalırdı.

Paralel olaraq təbii qaza olan tələb də aşağı düşürdü. Bu isə “mavi yanacağın” qiymətində əks olunurdu. Vəziyyət o həddə çatmışdır ki, ötən ilin mayında təbii qazın min kubmetrinin qiyməti hətta 34 ABŞ dollarına kimi düşdü. Qiymətlərin bu səviyyədə olması yeni layihələrin reallaşdırılmasını qeyri-rentabelli edirdi. Mövcud layihələrin isə bir çoxu bağlandı.

Lakin son bir neçə ayda vəziyyət kordinal şəkildə dəyişib. Ötən həftə Avropada təbii qazın min kubmetrinin qiyməti tarixdə ilk dəfə 1 900 ABŞ dollarını keçdi. Düzdü sonrakı günlərdə qiymət 1 000 ABŞ dollarından aşağı düşsə də hazırda 1 300 ABŞ dolları ətrafında qərarlaşıb. Belə qiymətlər qaz ixrac edən ölkələr üçün kifayət qədər komfortludur. Bu isə qaz sektoruna investisiyaların əhəmiyyətli dərəcədə artmasını stimullaşdıracaq. Bunu deməyə qiymətlə yanaşı bir sıra digər faktorlarların mövcudluğu əsas verir.

Əvvəla Avropa ölkələri qaz böhranı ilə əlaqədar kömür və neft məhsullarının istehlakını artırıb. Lakin kömür təklifinin az olması tələbi tam ödəməyə imkan vermir. Əvəzində isə enerji istehsalı üçün istifadə olunan kömürün qiyməti son 20 ilin rekord səviyyəsinədək artıb. Mazutun qiymətində də analoji tendensiya müşahidə edilir. Kifayət qədər tələb olsa belə məsələnin bu yolla həlli müvəqqəti xarakter daşıyır. Çünki həmin enerji mənbələri ekoloji baxımdan təbii qaza nisbətən daha zərərlidir. Bu, isə birbaşa olaraq Avropanın elan etdiyi dekarbonizasiya doktrinası ilə ziddiyət təşkil edir. Başqa bir faktor Rusiyanın Avropa qaz bazarındakı dominant mövqeyi və qiymətlərlə manipulyasiya etmə imkanları ilə bağlıdır. Bu “köhnə kontinent”i təbii qaz istehlakında bir mənbədən asılığını minimum səviyyəyə salmağa sövq edəcək. Nəzərə alsaq ki, belə alternativlərdən biri də Azərbaycandır bu prosesin bizə müsbət mənada bilavasitə təsiri olacaq”.

Ekspert diqqətə çatdırıb ki, uzaqgörən strateji baxışın nəticəsi olaraq vaxtilə bütün manelərə baxmayaraq “Cənub Qaz Dəhlizi” layihəsinə start verilməsi və uğurla reallaşdırılması ölkəmizi Avropanın qaz bazarındakı əsas oyunçularından birinə çevirə bilər: “Bir çoxları buna vaxtilə skeptik yanaşsa da hazırda Azərbaycan qazı öz kəmərimizlə Avropaya çatdırılır.

Bəli bu gün üçün nəql etdiyimiz qazın həcmi bazara təsir baxımından elə də böyük deyil. Ancaq məsələyə ilk növbədə hazırkı ixrac həcmləri deyil potensial imkanlarımız prizmasından baxmaq lazımdır. Azərbaycan Prezidentinin vurğuladığı kimi ölkəmizin zəngin qaz ehtiyatları var. Təsdiq olunmuş qaz ehtiyatlarımızın həcmi 2,2 trilyon kubmetrə çatıb. Bu ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində vacib bazar iştirakçısına çevirir. Bu mənada qaz sektoruna yeni investisiyalar ölkəmizdən yan keçməyəcək. Mövcud infrastrukturun genişləndirilməsinə və yeni layihələrin maliyyələşdirilməsinə yatırımların artacağını gözləmək olar. Nəql olunan qazın həcmlərinin artması büdcə gəlirlərinin davamlılığı, beləliklə də makroiqtisadi sabitliyi təmin edəcək. Bu da öz növbəsində Azərbaycanın Cənubi-Qafqazdakı lider mövqeyini möhkəmləndirməklə, ölkəmizi regionun əsas söz sahiblərindən birinə çevirəcək”.

Son xəbərlər

Orphus sistemi