Avropa Parlamenti “Şimal axını 2”ni dayandırmağa çağırıb

Avropa Parlamenti “Şimal axını 2”ni dayandırmağa çağırıb Avropa Parlamentinin Strasburq şəhərindəki plenar sessiyasında Avropa İttifaqı (Aİ) ilə Rusiya Federasiyasının siyasi münasibətləri barədə qətnaməyə səs verilib.
Energetika
12 Mart , 2019 18:20
Avropa Parlamenti “Şimal axını 2”ni dayandırmağa çağırıb

Avropa Parlamentinin Strasburq şəhərindəki plenar sessiyasında Avropa İttifaqı (Aİ) ilə Rusiya Federasiyasının siyasi münasibətləri barədə qətnaməyə səs verilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə “Şimal axını 2” layihəsini dayandırmaq, fərdi sanksiya tətbiqi üçün səlahiyyətləri genişləndirmək, Rusiyanın maliyyə və texnologiyalar əldə etmək imkanını məhdudlaşdırmaq və bu ölkəni artıq strateji tərəfdaş hesab etməmək təklifləri yer alır.

Bu ay latviyalı millət vəkili Sandra Kalniyete tərəfindən Avropa Parlamentinə təqdim olunaraq 89 nəfərin bitərəf qalmaq şərtilə 163 səs əleyhinə verilməklə 402 səslə qəbul olunan qətnamədə “Rusiya tərəfindən beynəlxalq hüququn pozulması davam edərsə, Avropa İttifaqı ünvanlı fərdi sanksiyalar, maliyyə və texnologiyalara çıxışı məhdudlaşdırmaq da daxil olmaqla daha geniş sanksiyalar tətbiqinə hazır olmalıdır” kimi müddəa var.

Bundan əlavə, sənəddə “Aİ hüquq səlahiyyəti məkanında ayrı-ayrı şəxslərə dair mülkiyyət və əmlak maraqlarını məhdudlaşdırmaq” və “müvafiq sanksiya siyahısı tərtib etmək” də daxil olmaqla viza qadağaları və nöqtə sanksiyaları tətbiq etmək üçün “təxirə salmadan Aİ-nin müştərək Maqnitski qanununa (Aİ insan hüquqları müdafiəsinə dair qlobal sanksiya rejimi) dair qanunyaradıcı təklifləri hazırlamaqla bağlı Avropa Komissiyasına və Avropa diplomatik xidmətinə çağırış ifadə olunur.

Bununla yanaşı, “Şimal axını 2” layihəsinin Avropa İttifaqının Rusiya təbii qazından asılılığını artırdığı, Aİ daxili bazarına təhdid yaratdığı, Aİ enerji siyasətinə və ya strateji mənafeyinə uyğun gəlmədiyi də qeyd olunan qətnamədə adı çəkilən layihəni dayandırmağın zəruri olduğu bildirilir. Bununla əlaqədar Rusiyanın bundan belə strateji tərəfdaş hesab edilməyəcəyi diqqətə çatdırılan sənədə görə, tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə artıq əməl olunmadığı üçün müvafiq saziş dəyişdirilməlidir.

Avropa İttifaqı ölkələrinə Rusiya ilə xarici siyasətlərini daha çox əlaqələndirməyə və razılaşdırmağa çağırış səsləndirilən qətnamədə vurğulanır ki, bu ölkə öz hüquqi və beynəlxalq öhdəliklərini yerinə yetirərsə, Aİ münasibətləri və dialoqu gücləndirməyə, yaxud əməkdaşlığa qayıtmağa açıqdır.

“Aİ ilə Rusiya arasında hazırkı mübahisə və qarşıdurmalar tərəflərdən heç birinə sərf etmədiyi üçün məyusedici nəticələrə belə baxmayaraq, əlaqə kanalları açıq qalmalıdır, qitənin yeni parçalanması Aİ və Rusiya üçün təhlükədir”, - qətnamədə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi