Yuxarı
    Bağlamaq

    Avropa Komissiyasının qrant müsabiqəsində qalib gələn SOCAR mütəxəssisləri: “Yeni layihələr təqdim etməyə hazırlaşırıq” - MÜSAHİBƏ

    TANAP və TAP üçün təqdim olunan layihələri SOCAR-ın əməkdaşlarının hazırlaması ilə böyük məbləğə qənaət edilib

    Bakı. 1 mart.REPORT.AZ/ Avropa Komissiyası müsabiqə yolu ilə Avropa İttifaqının Ümumi Maraq Layihələri (PCI) siyahısına daxil etdiyi layihələrə qrant ayırıb. Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissələri olan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri üçün də ayrı-ayrı vaxtlarda ümumilikdə 24 346 087 avro məbləğində qrant verilib. Qrant müsabiqəsində qalib gələn bu layihələr isə SOCAR-ın 4 əməkdaşı- Baş ofisdə İnvestorlarla əlaqələr şöbəsinin rəisi Pərviz Babayev (qrupun rəhbəri), həmin şöbənin böyük mühəndisi Kamran Hüseynov, Marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı və şöbənin böyük mühəndisi Əli Şahbazov tərəfindən hazırlanıb.

    “Report” həmin gənc mütəxəssislər ilə müsahibəni təqdim edir:

    - Əvvəlcə, Avropa Komissiyasının müsabiqəsi haqqında məlumat vermənizi istərdik. Burada hansı layihələr qəbul edilir? Hansı meyarlar əsas götürülür?

    P.Babayev: 2013-cü ilin noyabr ayında Avropa Parlamenti Ümumi Maraq Layihələrinin (PCI) təsbit olunduğu 347-ci normativ aktı qəbul edib. Burada əsas məqsəd ümumi Avropa İttifaqının maraqlarına cavab verən strateji layihələrin siyahısının hazırlanması olub. Bu siyahıya Avropa daxilində boruların birləşdirilməsi ilə qaz təchizatının daha da yaxşılaşdırılması, eyni zamanda xaricdən yeni qaz mənbələrini gətirən layihələr daxil edilib. Həmin normativ akta əsasən, Ümumi Maraq Layihələri statusunu qazanan layihələr tədqiqat və tikinti işlərinin qismən maliyyələşdirilməsi üçün 5.5 mlrd. avro büdcəsi olan Avropa İttifaqının CEF (Connecting European Facility) proqramına müraciət edə bilərlər. Bu qrant Avropa İttifaqının stimullaşdırıcı dəstəyi hesab olunur.

    - Siz ilk layihənizi nə vaxt təqdim etdiniz?

    - Biz 2014-cü ildə müvafiq sorğu formalarını dolduraraq bu işə başladıq. TANAP layihəsi üzrə boru kəmərinin tikintisi zamanı ekoloji monitorinq adlı tədqiqat proqramını təqdim etdik. 2013-cü ildə dərc edilən siyahıda ciddi meyarlarla seçilən 248 layihə var idi. Bu layihələr arasından isə çox az sayda layihə seçildi. Həmin layihələr arasında bizim təqdim etdiyimiz TANAP layihəsi də yer aldı.

    2014-2016-cı illərdə TANAP yeganə layihə olaraq ardıcıllıqla 4 dəfə qrant əldə edib. Bizim bu komanda 4 dəfə TANAP üçün layihə hazırlayıb və bütün layihələrimiz uğurlu olub. TANAP üçün hazırladığımız ilk layihə olan “Ekoloji monitorinq” layihəsinə 2,014 mln. avro qrant ayrılıb. Sonra təqdim etdiyimiz “Kompressor stansiyalarının layihələndirilməsi, boru kəmərinin monitorinq və təhlükəsizlik sisteminin müfəssəl layihələndirilməsi” layihəsinə 2,219 mln. avro, “TANAP kəmərinin SCADA sisteminin və qaz boru kəmərinin Dardanel boğazından və Evros çayı altından keçən sualtı hissəsində mühəndislik tədqiqatları” layihəsinə 2,559 mln. avro, “Kommersiya əməliyyatlarının dizaynı və boru kəmərinin bütövlüyünün təmin olunması üçün tədqiqatlar” layihəsinə isə keçən il 3,535 mln avro məbləğində qrant ayrılıb.

    Onu da qeyd edək ki, TANAP layihəsini PCI proqramı çərçivəsində Avropa İttifaqının Enerji Direktoratlığında, Avropanın Ötürücü Sistemlər Operatorlarının Şəbəkəsində, Enerji Tənzimləyicilərin Əməkdaşlığı üzrə Agentlikdə və digər qurumlarda təmsil və təşviq edirik.

    - TAP üçün də layihə təqdim etmisiniz və bu layihəyə 14 018 347 avro məbləğində qrant ayrılıb. Bu layihə barədə məlumat verərdiniz. Layihə nə ilə bağlıdır?

    - TANAP-la bağlı təqdim etdiyimiz layihələr uğur qazandıqdan sonra TAP konsorsiumu bizə müraciət etdi və 2016-cı ildə TAP layihəsi üçün də təklif hazırlayaraq təqdim etdik. Bu layihə Yunanıstan ərazisində “Arxeoloji tədqiqatlar və tarixi abidələrin mühafizəsi məqsədilə qazıntılar” layihəsidir və TAP-ın tikintisi zamanı görülməsi vacib olan iş həcmidir. Layihə əsasən arxeoloji qazıntıların aparılması və aşkar olunan tapıntıların “xilas olunması” üçün əlavə qazıntıların həyata keçirilməsini əhatə edir. Bildiyiniz kimi, SOCAR TAP-da 20% paya malikdir. Buna görə bu layihə bizim üçün vacibdir. Bu sosial layihə 28 mln. avro məbləğindədir və onun 50%-i (14 mln. avro) qrant şəklində ayrılıb. Bu qrantın ayrılması SOCAR-ın da maliyyə yükünü azaldır. Bu qrantın alınması ümumilikdə TAP layihəsi üçün də çox önəmlidir.

    E.Qasımlı: Burada xüsusi bir məqamı qeyd etmək lazımdır. Azərbaycan qaz həcmlərinin nəqlini nəzərdə tutan layihələrə Avropa Komissiyası tərəfindən bir neçə dəfə qrant ayrılması layihələrin önəmini bir daha vurğulayır. Bu da bizim layihələrin gələcəkdə daha da uğurlu olmasına, yeni layihələrin əlavə olunmasına daha da müsbət təsir göstərir.Bütün hallarda biri var Avropa layihələri, biri də var qeyri-Avropa layihələri, ancaq Avropanın təhlükəsizliyində rol oynayan layihələr. Bunu əsaslandırmaq vacibdir. Bu baxımdan düşünürəm ki, təqdim etdiyimiz layihələr uğurlu alınıb.

    Emil Qasımlı, Əli Şahbazov

    - Gəlin müsabiqəyə hazırlıq prosesindən danışaq. Necə oldu ki, bu prosesə qoşuldunuz? Hazırlıq prosesi necə həyata keçirilir?

    - Əslində, biz bu işi könüllü olaraq həyata keçiririk. Hər birimiz Cənub Qaz Dəhlizi layihəsi üzrə ayrı-ayrı işləri görürük, danışıqlarda yaxından iştirak edirik. Bu məsələ isə bizim könüllü olaraq həyata keçirdiyimiz işdir. Rəhbərlik tərəfindən təklif oldu və araşdırmalara başladıq. Bu iş böyük araşdırma tələb edir və nəzərə almaq lazımdır ki, heç birimizin o sahədə təcrübəsi, məlumatı yox idi. Elə oldu ki, könüllü olaraq qoşulduğumuz bu işdə ilk layihəmiz uğur qazandı. Layihəmiz uğur qazandıqca biz daha da həvəsləndik və növbəti layihələri hazırlamağa başladıq.

    Hazırlıq prosesi də çox uzun və çətin prosesdir. Bütün işlər üzrə vəzifə bölgüsü aparılır. TANAP-a TAP-a qısa müddətdə ezam olunaraq bütün detallı məlumatlar əldə edirik, araşdırma aparırıq. Sonra isə Bakıda bu əldə olunan məlumatlar üzərində işləyərək komanda şəklində layihəni hazırlayırıq.

    Düşünürük ki, təkcə bu iş üçün təhkim olunmuş olsaydıq daha çox layihə təqdim edərək qrant ala bilərdik. İnanırıq ki, gələcəkdə daha da yaxşı olacaq. Yeni layihələr üzərində araşdırmalar aparırıq.

    - Təqdim olunan layihələrin seçim prosesi necə olur? Layihələr hansı mərhələlərdən keçir?

    P.Babayev: İlkin olaraq təqdim olunan layihələrin PCI statusuna daxil edilməsi üçün önəmini əsaslandırmaq lazımdır. Bu layihələr PCI statusu aldıqdan sonra isə onların tərkibində hazırlanan lokal layihənin qrant ayrılması üçün iş həcminin doğurdan da borunun inşasının ayrılmaz və ya tələb olunan hissəsi olduğunu göstərmək lazımdır. Bundan əlavə, qrantın stimullaşdırıcı effekti sübut olunmalıdır. Bunu nümayış etdirmək üçün isə bu lokal iş həcmini boru kəmərinin inşası daxilində modelləşdirmək lazımdır, yəni, normal işin gedişi ilə əlavə vəsaitin cəlb olunması halı ilə müqayisə, bunun lokal və geniş miqyasda işin qrafikinə, keyfiyyətə, xərclərə, digər paralel şəkildə aparılan işlərə birbaşa və ya dolayı müsbət təsiri və domino effekti.

    Sənədlər təqdim olunduqdan sonra tamamilə başqa sahələrdə çalışan 3 mütəxəssis sənədlərə baxır. Onların xüsusi yoxlama vərəqələri var. Ciddi yoxlama prosesindən keçir. Bütün zəruri sənədlər yoxlanılır. Bundan sonra isə regional qruplar nəzərdən keçirir və sənədləri Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyinə təqdim edirlər. Burada qərar verildikdən sonra sənədlər Enerji Direktoratlığına göndərilir. Direktoratlıqda yekun siyahı hazırlandıqdan sonra üzv ölkələr tərəfindən səs verilir. Burada da xüsusi qərarla yekun siyahı xüsusi bülletendə çap olunur.

    Göründüyü kimi, həm sənədlərin hazırlanması, həm də seçim prosesi çox uzun və çətin prosesdir.

    Pərviz Babayev, Kamran Hüseynov

    Burada layihənin idarə olunması bacarığı olmalıdır. Bu xüsusda SOCAR-ın sponsorluğu ilə Corc Vaşinqton Universitetinin Layihələrin İdarə Olunması üzrə 1 illik magistr kurslarında əldə etdiyimiz praktiki biliklər bizə kömək etdi. .

    Digər təqdim edilən layihələrin əksəriyyəti üçün xüsusi məsləhətçilər olur. Xaricdə bunun üçün xüsusi institutlar, şirkətlər var. Həmin məsləhətçilər bir sənədlər toplusunun hazırlanması üçün təxminən 200 min avro, qrant ayrıldığı təqdirdə ayrılan vəsaitin təxminən 10 faizini istəyirlər. Lakin TANAP və TAP üçün təqdim olunan layihələri SOCAR-ın əməkdaşlarının hazırlaması ilə böyük məbləğə qənaət edilib. Hesablamalarımıza görə, ümumilikdə 3,4 mln. avroya qənaət olunub.

    Bu isə bizim üçün simvolikdir, çünki layihəni hazırlayanlardan 3 nəfər SOCAR-ın Xaricdə Təhsil Təqaüd proqramı ilə təhsil alıb. SOCAR bizim təhsilimizə investisiya qoyub, biz isə əldə etdiyimiz bilik və bacarıqlarımızla şirkətimizə və ölkəmizə xeyir gətiririk. Bununla çox fəxr edirik. Xaricdə təhsil almağımıza şərait yaratdıqları üçün SOCAR rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Mən Vyana İqtisad və Biznes Universitetinin Energetika Menecmenti üzrə EMBA dərəcəsini almışam. Kamran və Emil müvafiq olaraq Böyük Britaniyanın Qlazqo Universitetinin və ABŞ-ın Luiziana Universitetinin Biznesin İdarə Olunması üzrə MBA dərəcəsini alıblar. Əli isə Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında təhsil alib. Biz əsasən marketinq və idarəetmə üzrə yönümlü insanlarıq. Nəzərə alsaq ki, bizdən başqa 300-yə yaxın təqaüdçümüz Norveçin, Almaniyanın, Kanadanın, Böyük Britaniyanın və digər ölkələrin top onluğunda olan univesitetlərin mühənsilik, qazma, geologiya və digər texniki sahə üzrə təhsil alıb və onların hamısı həmin bilik və bacarıqları şirkətimizdə tətbiq etmələri SOCAR-ın daha da inkişaf etməsinə və fəaliyyətinin daha da genişləndirilməsinə xidmət edəcək.

    - Qrant ayrılmasından başqa, Ümumi Maraq layihələri siyahısına daxil olmağın hansı faydaları var? Bu status neçə müddətdən bir yenilənir?

    - Ümumi Maraq Layihələrinin ən böyük rolu siyasi dəstək verilməsidir. Bu o deməkdir ki, bizim layihəmiz Avropa layihəsidir. Ümumi Maraq Layihələri siyahısına daxil olması həm də Avropa bankları üçün layihəyə kredit ayrılması məsələsində zəmanətdir. Bəzi banklar bu status alan layihələrə aşağı faizlə kredit ayırırlar.

    PCI status hər iki ildən bir yenilənir. Avropa İttifaqının qaz infrastrukturunun10 illik inkişaf planına əsasən, hər il məlumatlar yenilənməli, ikinci il isə 10 illik plan yenidən analizdən keçirilməlidir.

    Avropa İttifaqının Qazötürücü Sistemlərinin Operatorlarının Agentliyi modelləşdirmə edirlər və hər bir layihənin ən azı iki Avropa İttifaqına üzv ölkəsinə təsirini öyrənirlər. Bu ildən-ilə dəyişə bilər. Geosiyasi vəziyyətdən asılı olaraq bəzi layihələr öz aktuallığını itirir. Məsələn, əgər 2013-cü ildə siyahıda 248 layihə var idisə, 2015-ci ildə yenilənən siyahıda yalnız 149 layihə qaldı. Buna görə biz hər il paralel olaraq təşviqat aparır və bütün zəruri tədbirlər görürük ki, Cənub Qaz Dəhlizini PCI siyahısında saxlayaq.

    - Seçim prosesi nə qədər davam edir?

    K.Hüseynov: Seçim prosesi yarım ilə qədər çəkə bilər. İki ay ərzində sənədləri təqdim edirik. Qurumların sənədlərə baxma müddəti 3-4 ay davam edə bilər. Buna görə də seçim prosesi 6 aya qədər müddəti əhatə edir.

    - Yeni planlarınız nələrdir? Müsabiqə üçün yeni layihə hazırlayırsınızmı?

    - Komanda olaraq yeni layihələr təqdim etməyə hazırlaşırıq. Bunun üçün isə iş həcmləri müəyyənləşdirilməlidir. Mart-aprel ayında yeni qrant müsabiqəsi elan olunacaq. Hazırda TANAP-la bağlı sosial layihə hazırlayırıq. Bu ilin ortalarında təqdim edəcəyik. Eyni zamanda, TAP-la bağlı da araşdırma aparırıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi