Yuxarı

Avropa Komissiyası Yunanıstan və TAP arasındakı müqaviləni təsdiqləyib

Avropa Komissiyası sazişi Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun hesab edib

Bakı. 3 mart. REPORT.AZ/ Avropa Komissiyası Yunanıstan hökuməti və Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu arasında Avropa bazarlarına yeni boru kəmərinin daxil olmasına imkan verən sazişi təsdiqləyib.

"Report" Komissiyanın saytına istinadən xəbər verir ki, Avropa Komissiyası sazişi Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun hesab edib. Rəqabət siyasəti üzrə məsul komissar Marqret Vestager (Margrethe Vestager) bildirib ki, bu qərar Yunanıstanda çox milyardlıq infrastruktur layihəsinə yolu açır: "TAP Avropa İttifaqına yeni mənbədən qaz çatdıracaq və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini artıracaq".

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç qeyd edib ki, bugünkü qərar Cənub Qaz Dəhlizi (SGC) layihəsinin tamamlanması istiqamətində önəmli addımdır: "Bu həftənin bazar ertəsi günü Bakıda mənim də qatıldığım Cənub Qaz Dəhlizi ölkələri nazirlərinin Məşvərət Şurasının iclasında bütün iştirakçı ölkələr və konsorsiumlar tərəfindən layihənin vaxtında tamamlanması üçün qətiyyət nümayiş olunub".

Yunanıstan hökuməti və TAP konsorsiumu arasında "Ev sahibi hökumət" sazişi boru kəmərinin tikintisi, idarəçiliyini və tərəflərin öhdəliklərini müəyyən edir. Sazişə görə, kommersiya əməliyyatları başlayandan 25 il ərzində TAP-a xüsusi vergi rejimi tətbiq olunacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarətdir: Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəməri (TAP - Yunanıstan, Albaniya, İtaliya). Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində ilkin mərhələdə 16 mlrd. kubmetr qaz nəqli nəzərdə tutulur. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya ötürüləcək. Layihə çərçivəsində ilk qazın 2018-ci ildə Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qazın 2020-ci ildə çatdırılacağı gözlənilir.

"Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə" 2011-ci il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu arasında imzalanıb. 2014-cü il sentyabrın 20-də isə Bakıda Səngəçal terminalında Cənubi Qafqaz Boru Kəmərinin təməli qoyulmaqla layihənin birinci hissəsi həyata keçirilməyə başlanıb. 2015-ci il martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməlinin qoyulmasıyla layihənin Türkiyə hissəsinin tikintisinə başlanılıb.

TAP Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisindən başlanacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin altında olacaq. Hazırda TAP kəmərinin tikintisinə hazırlıq işləri aparılır. Bu ilin ortasında boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir. TAP layihəsinə 5,6 mlrd. avro sərmayə yatırılması nəzərdə tutulur ki, bu məbləğin 2,3 mlrd. avrosu Yunanıstana yatırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi