2023-cü ildə Avropa İttifaqının (Aİ) gələn qışdan əvvəl quruma üzv dövlətlərin anbarlarını doldurmaq üçün 30 milyard kubmetr qazı olmaya bilər.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib.
“Qaz anbarlarının növbəti doldurma mövsümü, bu qışın sonunda daha da çətin olacaq. Üç əsas maneə ilə qarşılaşacağıq. Birincisi, Rusiya Avropaya qaz nəqlini tamamilə kəsmək qərarına gələ bilər. İkincisi, qlobal mayeləşdirilmiş təbii qazın (LNG) tutumu boşluğu doldurmaq üçün kifayət etməyə bilər. Üçüncüsü, Asiyada artım bu əlavə LNG-nin çoxunu mənimsəyə bilər. Bu amillər nəticəsində gələn yay Avropada qaz anbarlarımızı doldurmaq üçün təxminən 30 milyard kubmetr qaz kifayət etməyə bilər”-deyə, o bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası bu riskləri həll etməyə hazırlaşır: “Çünki bugünkü seçimlərimiz 2023-cü il və sonrakı illər üçün kifayət qədər enerjimiz olub-olmamağımızı müəyyən edəcək. Amma indi hərəkətə keçməliyik”.
Avropa Komissiyasının rəhbəri bir daha vurğulayıb ki, hazırda Aİ-nin qaz anbarları qarşıdan gələn qış ərəfəsində 95% doludur.