​Avropa İttifaqı enerji infrastrukturuna 263 mln. avro investisiya ayıracaq

​Avropa İttifaqı enerji infrastrukturuna 263 mln. avro investisiya ayıracaq Ümumilikdə isə 9 layihə seçilib
Energetika
15 İyul , 2016 16:30
​Avropa İttifaqı enerji infrastrukturuna 263 mln. avro investisiya ayıracaq

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün Avropa İttifaqı Avropa Komissiyasının əsas Avropa enerji infrastruktur layihələrinə 263 mln. avro vəsait ayrılması təklifi barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyası rəsmi saytında məlumat yayıb.

Bu vəsaitin böyük hissəsi Baltik dənizi regionunda qaz infrastrukturunun tikintisinə, həmçinin Avropa üzrə elektrik sektoruna yönəldiləcək. Ümumilikdə isə 9 layihə seçilib.

Qaz sektorunda ayrılan qrant Estoniya və Finlandiya arasında ilk ikiyönlü sualtı qaz kəmərinin - Baltikkonnektorun tikintisini əhatə edəcək. Bu layihəyə Avropa İttifaqının maliyyə dəstəyi 187,5 mln. avro olacaq. İnterkonnektorun istifadəyə verilməsi Finlandiyanın vahid qaz təchizatçısından tarixi asılılığına son qoyacaq.

Elektrik sektorunda isə siyahıya Bolqarıstanda Dobruca və Burqaz arasında yeni 100 km uzunluğunda elektrik xəttinin çəkilişi daxildir. Avropa İttifaqı bu layihəni 29,9 mln. avro ilə dəstəkləyəcək.

Layihələri başlamaq üçün lazım olan araşdırmalar da dəstəklənəcək. Siyahıya Baltik ölkələrinin elektrik sisteminin təhlükəsiz və etibarlı istismarı üçün texniki tələblərin müəyyən edilməsinə hazırlıq çalışması da daxildir. Avropa İttifaqı bu işə 125 010 avro ayırır.

Siyahıya Yunanıstanda Nea Messimvria interkonnektoru üçün İlkin Detallı Layihələndirmə (FEED) çalışması da daxil olub. Bu layihəyə Avropa İttifaqının dəstəyinin məbləği 243 250 avrodur. Ölçü və tənzimləyici stansiyası Yunanıstanın təbii qaz nəqli sisteminin tikilməkdə olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşməsinə kömək edəcək.

Beləliklə, maliyyələşdirmə üçün seçilmiş 9 təklifin 5-i qaz sektorunda (Aİ-nin maliyyə yardımının məbləği 210 mln. avro) və 4-ü elektrik sektorundadır (Aİ-nin maliyyə yardımı 53 mln. avro). 3 layihə tikinti işləri (236 mln. avro) və 6 layihə araşdırmalarla (27 mln. avro) bağlıdır.

Avropa Komissiyası bu ayın sonuna maliyyə yardımı alacaq təkliflərin siyahısını rəsmi olaraq qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi