Bakı. 11 dekabr. REPORT.AZ/ İtalıyanın "Snam" şirkəti ilə Avropa İnvestisiya Bankı (EIB) arasında 373 mln. avroluq kredit sazişi imzalanıb. "Report"un əldə etdiyi məlumata görə, maliyyə yardımı "Snam"ın qaz layihələri şəbəkəsini genişləndirmək məqsədi ilə ayrılacaq.
Məlumatda qeyd edilir ki, bu maliyyə vəsaitinin əldə olunması, həm də "Snam"ın maliyyə strukturunun optimallaşdırılması üçün atılan addımlardan biridir. Ümumi dəyəri 750 mln. avro olan maliyyə yatırımlarının əsas məqsədi əks axın layihələrinin tənzimlənməsidir.
Bu investisiyalar "Snam"ın III Avropa Direktivi çərçivəsində iki istiqamətdə - Mərkəzi və Şimali Avropa istiqamətində "hub" funksiyasını yerinə yetirməsinə şərait yaradacaq.
Qeyd edək ki, bu razılaşma Cənub-Şimal Qaz Dəhlizinin inkişafına yönələcək və "Snam"ın Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 20%-i almaqla bağlı iştirak hüququ verəcək.
Əlavə edək ki, 373 mln. avro "Snam"a 20 il müddətinə ayrılır.
Xatırladaq ki, dekabrın əvvəlində Norveçin "Statoil" şirkəti TAP layihəsindəki 20% payını "Snam"a satması ilə (208 mln. avro) bağlı məlumat yayıb.