Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) səyyar xidmət təşkil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, müasir texnoloji avadanlıqla təchiz edilmiş ASAN 1 avtobusu zavod ərazisində səyyar qəbul aparıb. Xidmətin imkanlarından əsasən Heydər Əliyev adına BDÖZ-ün, “Bos Şelf” MMC-nin kollektivi, habelə zavoda yaxın ərazidə yaşayan vətəndaşlar yararlanıblar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub. Müraciət edənlərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, habelə ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, həmçinin fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağlı operativ xidmətlər göstərilib. Ümumilikdə 10 gün müddətində səyyar xidmətdə 260-dan çox müraciət yerində həllini tapıb.