ARDNŞ-nin dənizdəki estakadasında qəza nəticəsində itkin düşən işçinin cəsədi tapılıb

ARDNŞ-nin dənizdəki estakadasında qəza nəticəsində itkin düşən işçinin cəsədi tapılıb Bu, 1971-ci il təvəllüdlü Oqtay Nazim oğlu Yusipov olub
Energetika
7 Noyabr , 2014 09:12
ARDNŞ-nin dənizdəki estakadasında qəza nəticəsində itkin düşən işçinin cəsədi tapılıb

6 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində estakadada baş vermiş qəza nəticəsində itkin düşən 1971-ci il təvəllüdlü Oqtay Nazim oğlu Yusipovun cəsədi ARDNŞ və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

ARDNŞ-dan "Report"a verilən məlumata görə, noyabrın 6-da, saat 16:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib. Hadisə nəticəsində estakadanın üzərindən keçən 250 mm diametrlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb. Beləliklə, yanğın və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüblər.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfər dünyasını dəyişib. Dənizə düşən daha bir nəfərin tapılması üçün axtarış işlərinə "Qaradağ-10", "PS-158", "PSK-51", "Ağdərə-4", "PSK-31", "Orion-4", "Şirvan-2", "Zərdab-3" gəmiləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi