ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib

ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edib
Energetika
26 Dekabr , 2014 04:10
ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib

Bakı. 26 dekabr. REPORT.AZ/Tbilisidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni loqosunun təqdimatı olub və şirkətin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 5 illiyi qeyd edilib.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Gürcüstanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, Azərbaycanın və Gürcüstanın aparıcı şirkətlərinin rəhbərləri, deputatlar, mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək loqonun təqdimatı, şirkətin Gürcüstan nümayəndəliyinin fəaliyyətə başlamasının 5-ci ildönümü, eləcə də qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.

ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov tədbirdə çıxış edərək bildirib ki, köhnə loqo həmişə şirkətə uğur gətirib. Gələn il və sonrakı illərdə biz yeni loqomuzla daha böyük nailiyyətlər qazanacağıq.

O deyib: “Gürcüstan Azərbaycana tərəfdaş ölkədir. Dostluq münasibətlərimiz gələcəkdə daha da inkişaf edəcək və biz birgə yeni-yeni layihələr həyata keçirəcəyik”.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafından danışıb, əlaqələrin möhkəmlənməsində ARDNŞ-nin, eləcə də şirkətin Gürcüstan nümayəndəliyinin rolunu xüsusi qeyd ediblər.

Tədbir Azərbaycan və gürcü musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.

Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında ARDNŞ-nin həyata keçirdiyi layihələrdən danışıb. O deyib ki, şirkətin Azərbaycanda, eləcə də xaricdə gördüyü işlərdə ciddi irəliləyişlər var. Qeyd edilib ki, ARDNŞ-nin ayrı-ayrı ölkələrdə ümumilikdə 100 min işçisi var. Təkcə Gürcüstanda şirkətin 6500 əməkdaşı çalışır.

ARDNŞ-nin prezidenti bildirib ki, Avropaya qaz nəql edəcək “Cənub” dəhlizi dünyada ən böyük layihədir. Bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə bu dəhlizin təməlqoyma mərasimi keçirilib. Layihənin icrası uğurla davam etdirilir. Azərbaycanda olduğu kimi, Gürcüstanda və Türkiyədə də bu istiqamətdə ciddi işlər görülür. “İnanırıq ki, hələ bizim daha böyük nailiyyətlərimiz olacaq”, - deyə R.Abdullayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi