Bakı. 4 may. REPORT.AZ/ Bu ilin aprel ayında “ASAN xidmət” vasitəsilə elektrik şəbəkəsinə qoşulanların sayında böyük artım olub.
Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, ötən ay "ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzləri vasitəsilə sahibkarların elektrik şəbəkəsinə qoşulmasına dair müraciətlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artaraq 400-ə çatıb.
"Müraciətlərin sayının sürətlə artması heç də səbəbsiz deyil. Bu ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN xidmət” Mərkəzləri vasitəsi ilə verilməsinə dair Prezident Sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişığ”ın strukturunda “Perspektiv İnkişaf və "ASAN Xidmət"lə iş idarəsi” yaradılıb. “Azərişığ"ın elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” Mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. Qurumun sayında "Elektrik şəbəkəsinə necə qoşulaq" adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” Mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib. Həyata keçirilən bütün bu islahatlar, struktur dəyişikliklər, yeniliklər barədə KİV vasitəsilə ictimaiyyət məlumatlandırılıb. Mətbuat konfransları, brifinqlər təşkil olunub ki, bütün bunlar da öz bəhrəsini verib", - o qeyd edib.