Türkiyəli ekspert alternativ enerji sahəsində mümkün faydalı əməkdaşlıq barədə - RƏY

Türkiyəli ekspert alternativ enerji sahəsində mümkün faydalı əməkdaşlıq barədə - RƏY Dünya praktikasında alternativ enerji mənbələrindən istifadə uzun müddətdir ki, geniş yayılmış mövzudur. Xüsusən Avropa ölkələri ekoloji çirklənmənin qarşısını almaq və neft-qaz ehtiyatlarının azalmasına maneə olmaq üçün alternativ enerji mənbələrindən istifadəyə üstünlük verirlər. Artıq dünyada müxtəlif sahələrdə bu növ enerji mənbələrinin tətbiqi istiqamətində keçid yaşanmaqdadır. Neft və yanacağın daha çox istifadə edildiyi sahələrdən biri də yerüstü nəqliyyat olduğu üçün son dövrlərdə bu sferada da alternativ enerjiyə keçid xüsusi yanaşma obyekti olub.
Energetika
5317
10 İyun , 2020 10:10
Türkiyəli ekspert alternativ enerji sahəsində mümkün faydalı əməkdaşlıq barədə - RƏY

Dünya praktikasında alternativ enerji mənbələrindən istifadə uzun müddətdir ki, geniş yayılmış mövzudur. Xüsusən Avropa ölkələri ekoloji çirklənmənin qarşısını almaq və neft-qaz ehtiyatlarının azalmasına maneə olmaq üçün alternativ enerji mənbələrindən istifadəyə üstünlük verirlər. Artıq dünyada müxtəlif sahələrdə bu növ enerji mənbələrinin tətbiqi istiqamətində keçid yaşanmaqdadır. Neft və yanacağın daha çox istifadə edildiyi sahələrdən biri də yerüstü nəqliyyat olduğu üçün son dövrlərdə bu sferada da alternativ enerjiyə keçid xüsusi yanaşma obyekti olub.

Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru Oktay Tanrısevər “Report”a verdiyi açıqlamasında beynəlxalq müstəvidə, o cümlədən Türkiyədə nəqliyyat sahəsində alternativ enerjidən istifadə təcrübəsi ilə bağlı fikirlərini bölüşüb.

O.Tanrısevər ilk öncə bioyanacaq və elektrikli sistemlərin tam həcmdə istifadə edilməməsi səbəblərinə toxunub:

“Alternativ enerji mənbələrinin yerüstü nəqliyyatda istifadə edilməsi istər iqtisadi, istər ekoloji, istərsə də enerji təhlükəsizliyi cəhətdən müsbət hesab edilir. Lakin LNG bioyanacaq və elektrikli sistemlər həm dəyərinin yüksək olması, həm də enerji dəstəyi infrastrukturunun geniş yayılmaması səbəbi ilə hər zaman istifadə edilmir. Bunun üçün ölkələrin sistematik bir enerji keçidi politikasını izləyərək karbon tullantıları az olan texnologiyaları dəstəkləmələri lazımdır”.

Oktay Tanrısevər
Oktay Tanrısevər

OTU-nun professoru qeyd edib ki, Türkiyə alternativ enerji texnologiyalarına böyük investisiyalar yatırır:

“Türkiyə bir müddətdir ki, həm bərpa edilən enerji, həm də yerüstü nəqliyyat sahələrində bu istiqamətdə addımlar atmaqdadır. Türkiyə xüsusilə külək, günəş və bioyanacaq enerjisi texnologiyalarına böyük investisiya yatırır. Bəzi şəhərlərdə bələdiyyə avtobuslarında bioyanacaq və təbii qazdan əldə edilən enerjinin tətbiq edilməsi ilə yanaşı, elektrikli sistemlərə üstünlük verilərək metro və sürət qatarından daha çox istifadə edilir. Yeni xətlərin yaradılması ilə bu potensial daha da artırılır. Son olaraq, bu yaxınlarda kütləvi istehsalına başlanılacaq olan yerli avtomobillərin benzin əvəzinə elektriklə işləməsi də bu istiqamətdəki keçidə dəstək verir.

Bu addımların atılmasına baxmayaraq, gələcəkdə neft və təbii qazın önəmi azalmayacağı və artacağı ehtimal olunur. Bu baxımdan həyata keçirilən tədbirlər əsasən gec müddətdə əsaslı nəticələr verə biləcək”.

O.Tanrısevər alternativ enerjidən istifadə sahəsində Türkiyə və Azərbaycan arasında yarana biləcək əməkdaşlığın faydalı ola biləcəyini vurğulayıb:

“Türkiyənin bu nəqliyyat texnologiyalarını inkişaf etdirməsi Azərbaycan üçün də enerji keçidi politikalarında əməkdaşlıq edilməsi baxımından faydalı olacaq. Bakıdakı nəqliyyat və karbon tullantıları problemi Türkiyənin İstanbul, Ankara, İzmir, Adana və Bursa kimi şəhərlərindəki problemlərlə bənzərlik təşkil edir. Bu sahələrdə yarana biləcək əməkdaşlıq çox müsbət nəticələr doğura biləcək”. 

Son xəbərlər

Orphus sistemi