Yuxarı

​Almaniya nümayəndə heyətinin Energetika Nazirliyində görüşü planlaşdırılır

Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Almaniya-Azərbaycan Forumu (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şleyer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazir müavini Günter Horzetskinin rəhbərlik etdiyi nümayəndə heyətinin 30 sentyabr-2 oktyabr tarixlərində Azərbaycana səfəri planlaşdırılır. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Almaniya Bundestaqının bir sıra üzvləri və onları müşayiət edəcək alman şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsindən ibarətdir.

Səfər çərçivəsində nümayəndə heyətinin oktyabrın 1-də Azərbaycan Energetika Nazirliyində də görüşü nəzərdə tutulub.

Almaniyanın “SMS Group GmbH.”, “Claas Global Sales“, “WILO SE” , “Vallourec Deutschland GmbH.” kimi nüfuzlu şirkətləri və “Deutsche Bank”ın yüksək səviyyəli təmsilçilərinin qatılacağı görüşdə enerji sahəsində əməkdaşlıq məsələləri də əsas müzakirə mövzularından olacaq.

Qeyd edək ki, 2006-cı ildə Berlində yenidən təsis edilmiş Almaniya-Azərbaycan Forumu (DAF) öz fəaliyyətini iki ölkə arasında ikitərəfli münasibətlərin təşviq edilməsi, siyasi, iqtisadi, mədəni əlaqələrin intensivləşdirilməsi və elmi mübadilənin inkişaf etdirilməsi istiqamətində davam etdirir. DAF iki ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra tədbirlər təşkil edərək, iki dövlət arasında münasibətlərin inkişafına xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi