Yuxarı
    Bağlamaq

    Albaniyada TAP-ın mikrotunelinin inşası yekunlaşıb

    Dinlə

    Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyada şərq və qərb seqmentlərini birləşdirən, çətin dağlıq ərazidən keçən 1,5 km-lik mikrotunelin inşası yekunlaşıb.

    “Report” TAP konsorsiumuna istinadən xəbər verir ki, İskarapar bələdiyyəsinin Çorovoda şəhərindəki mikrotunelin inşası iyulun sonunda başa çatdırılıb.

    Mikrotunelin inşasına bu ilin fevral ayında başlanılıb və tikinti işləri, təxminən, 6 ay davam edib.

    TAP konsorsiumundan bildirilib ki, podratçı “Spiecapag” və subpodratçı “Bessac” şirkətləri mikrotunelin inşasını qrafikə uyğun və yüksək dəqiqliklə həyata keçiriblər: “Mikrotunel texniki təhlükəsizliyi və ətraf mühitə təsiri minimum endirməyi təmin edən ən son texnologiyadan istifadə olunaraq inşa edilib”.

    İnşaat işlərində 50 nəfər yerli işçi çalışıb.

    Çorovoda mikrotunelinin inşası iki fazada həyata keçirilib. Mikrotunelin şərq seqmentinin uzunluğu 560 metrdir və bu hissə aprelin sonunda yekunlaşıb, qərb seqmentinin uzunluğu isə 600 metr, diametri 1,8 metr təşkil edir.

    Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

    TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

    "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

    2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi