Albaniya hökuməti TAP üzrə müqavilənin müzakirəsinə başlayıb

Albaniya hökuməti TAP üzrə müqavilənin müzakirəsinə başlayıb Albaniyada yol və körpülərin tikintisinin birinci mərhələsinə 60 mln. avrodan çox vəsait yatırılacaq
Energetika
19 Aprel , 2016 14:00
Albaniya hökuməti TAP üzrə müqavilənin müzakirəsinə başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Albaniya hökuməti Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak edən digər ölkələrlə eyni faydaları təmin etmək məqsədilə saziş üzrə müzakirələrə başlayıb. "Report" "BNE IntelliNews"a istinadən xəbər verir ki, bu barədə Albaniya hökuməti bəyanat yayıb.

Yenidən işlənmiş müqavilə üzrə danışıqların tezliklə başa çatması gözlənilir. Bu barədə hökumətin bəyanatında baş nazir Edi Rama bildirib. Lakin hökumət başçısı rəsmi Tirananın dəqiq hansı faydaları təmin etmək istədiyini açıqlamayıb.

Bəyanatda qeyd olunub ki, indiyədək giriş yolları və körpülərin tikintisinin birinci mərhələsi üzrə Albaniyada işlərin 56%-i başa çatdırılıb. Bu ilin sonuna qədər 100 km yolun və 43 körpünün tikintisi və bərpasının başa çatdırılması gözlənilir. Layihənin bu hissəsinə 60 mln. avrodan çox vəsait yatırılacaq.

"TAP layihəsi Albaniyanın iqtisadi və sosial inkişafının əsas mühərriklərindən birinə çevrilib. Layihənin iqtisadiyyata faydası giriş yollarının və körpülərin tikintisinə başlanılandan göz önündədir. TAP layihəsi boru kəməri boyunca iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılmasını təşviq edəcək", - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda, layihədə yükləmə, logistika və daşıma üzrə xidmət göstərəcək şirkətlərdən biri - Almaniyanın "EMS-Fehn-Group" şirkəti artıq işlərə başlayıb. Bu barədə şirkət məlumat yayıb.

Layihə müddətində 130 min ton borunun Almaniyanın Brake limanından Albaniyanın Durres limanına göndərilməsi və buradan da tikinti ərazisinə daşınması planlaşdırılır. İlk borular martın 21-də gəmilərə yüklənib və 11 gün sonra Durres limanına çatdırılıb.

Şirkətdən bildirilib ki, 12 və 15 metr uzunluğunda, 1,20 metr diametri olan boruların, ümumilikdə 13 daşınmanın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (-820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi