Rövnəq Abdullayev: "Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir"

Rövnəq Abdullayev: "Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir" SOCAR prezindentinin fikrincə, neft sənayesinin yüksəlişi, iqtisadi resurslar məqsəd yox, vasitədir
Energetika
5 May , 2015 11:40
Rövnəq Abdullayev: Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir

Bakı. 5 may. REPORT.AZ/ "Aktivlərimizin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı olan "Petkim"in xammalla etibarlı təchiz olunması məqsədilə inşa edilən "Star" neft emalı zavodu, konteyner limanı və elektrik stansiyası layihələri bizə imkan verəcək ki, 2023-cü ildə bu nəhəng müəssisələr zəncirini yalnız Türkiyənin deyil, bütövlükdə, regionun ən böyük neft-kimya, logistika və liman mərkəzinə çevirək". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, YAP Siyasi Şurasının üzvü, millət vəkili Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

"Bu gün Gürcüstanın qaz təchizatının 90%-ni biz təmin edirik. Qonşu ölkənin onlarca qazpaylayıcı şəbəkəsi SOCAR tərəfindən idarə olunur. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təqribən 25%-nə biz nəzarət edirik. Qara dənizdə Azərbaycana əlverişli mövqe qazandırmış Kulevi Qara dəniz terminalı ildə 10 mln. ton həcmində neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsinə imkan verir. Terminal hazırda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədi ilə İsveçrədə təsis etdiyimiz "SOCAR Trading S.A." şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya və Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənib. Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir. Artıq tikintinin 2 mərhələsi çərçivəsində quraşdırılmış 12 rezervuar istismar olunur".

Onun sözlərinə görə, neft sənayesinin yüksəlişi, iqtisadi resurslar, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məqsəd yox, vasitədir: "Olduqca böyük gücə malik həmin vasitə Azərbaycan xalqının maddi rifah halının durmadan yüksəlməsinə dəyərli töhfələr verir. Enerji strategiyası cəmiyyət həyatının bütün sahələrində ümummilli yüksəlişin əhəmiyyətli amili rolunu oynayır. Bu sektordan gələn gəlirlər geniş həcmli sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsində başlıca maliyyə qaynağıdır".

R.Abdullayev qeyd edib ki, neft gəlirləri bu gün sanballı ictimai sərmayə mənbəyidir: "Bu gəlirlərin insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. Bu gəlirlər, eyni zamanda qeyri-neft sektorunda inkişafın təkanverici qüvvəsidir. Dövlətimizin müdrik rəhbəri, möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın hər yerində sürətlə davam etdirilən genişmiqyaslı quruculuq və yenilənmə işləri bütün dünyaya nümayiş etdirir ki, inkişafın Azərbaycan modeli təsadüfi xarakter daşımır, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tərəqqi strategiyasının məntiqi nəticəsidir və hələ uzun zaman həm ölkə əhalisinin, həm də beynəlxalq birliyin mənafelərinə xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi