Bakı. 17 may. REPORT.AZ/ Avropa Komissiyası ABŞ-dan maye qazın idxalını artırmağı və müvafiq infrastrukturu genişləndirməyi təklif edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldəki (Belçika) diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, bunun əvəzində Avropa İttifaqı (Aİ) rəsmi Vaşınqtonun Avropa şirkətləri üçün polad və alüminiuma tətbiq etdiyi rüsumları aradan qaldıracağına ümid edir.
Qeyd edək ki, bu ilin martından ABŞ idxal olunan polada 25%, alüminiuma isə 10%-lik rüsum tətbiq edib. Aİ və bir sıra digər ölkələr üçün bu rüsumların tətbiqi iyunun sonuna kimi təxirə salınıb. ABŞ-la Aİ arasında bu məsələ ətrafında müzakirələr hələ ki, heç bir nəticə verməyib. Müvafiq rüsumların tətbiqi Aİ-na üzv ölkələrin nümayəndələri tərəfindən mayın 16-da Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş qeyri-formal görüşü zamanı müzakirə olunub.